Mübariz İbrahimov

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov

Mübariz Ağakərim oğlu İbrahimov (7 fevral 1988, Əliabad, Puşkin rayonu19 iyun 2010, Çaylı, Tərtər rayonu) — Azərbaycan hərbçisi, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir. O, 2010-cu ildə Azərbaycanın Milli QəhrəmanıAzərbaycanda "ilin adamı" adlarına layiq görülmüşdür.

Mübariz İbrahimov
Mübariz İbrahimovun İkinci Fəxri Xiyabanda yerləşən məzarı.
Mübariz İbrahimovun İkinci Fəxri Xiyabanda yerləşən məzarı.
Şəxsi məlumatlar
Doğum tarixi7 fevral 1988(1988-02-07)
Doğum yeri
Vəfat tarixi19 iyun 2010(2010-06-19) (22 yaşında)
Vəfat yeri
Vəfat səbəbidöyüşdə ölüm
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
MənsubiyyətiAzərbaycan Azərbaycan Ordusu
Qoşun növüAzərbaycan Quru Qoşunları
Xidmət illəri2007–2010
Rütbəsi Gizir
Döyüşlər
Təltifləri"Qızıl Ulduz" medalı — 2010
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov iki il sonra hərbi xidmətini bitirmiş, 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlamışdır.

Mübariz İbrahimov 18 iyundan 19 iyuna keçən gecə məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir və burada beş saat döyüşərək səhər saatlarında şəhid olmuşdur. Baş tutan döyüş zamanı İbrahimov, müxtəlif mənbələrə görə, ən azı 45, ən çoxu isə 140 nəfər erməni əsgərini öldürmüşdür.

Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı ərazilərdə qalmışdır, lakin Ermənistan tərəfi bunu uzun müddət təkzib etmişdir. Aylarla davam edən danışıqlardan sonra oktyabrda Rusiyanın vasitəçiliyi ilə Həştərxan şəhərində imzalanan bəyannaməyə əsasən Mübariz İbrahimovun nəşi 6 noyabrda Azərbaycan tərəfinə təhvil verilmişdir. O, İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Mübariz İbrahimov Azərbaycan ictimaiyyətində milli qəhrəmana çevrilmişdir. Biləsuvarda onun adına küçə və məktəb var. Mübariz İbrahimovu təsvir edən heykəllər ucaldılmış, onun şərəfinə xatirə lövhələri hazırlanmış, filmlər çəkilmiş, haqqında kitab yazılmış və xarici teleseriallarda bəhs edilmişdir. İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.

Erkən illəri

Mübariz İbrahimov 7 fevral[1] 1988-ci ildə, Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur.[2] Mübariz İbrahimovun atası Ağakərim İbrahimov,[3] anası isə Şamama İbrahimova idi.[4] Qardaşları Bəhruz və Rəşaddan sonra ailənin üçüncü övladı və sonbeşiyi olan[2] İbrahimovun qeydlərinə görə, o, seyid nəslindəndir.[5] İbrahimov 1994-cü ildə Malik Piriyev adına Əliabad kənd ibtidai məktəbinə daxil olmuşdur. O, məktəbdə keçilən idman dərsləri ilə kifayətlənməyib rayona gedər, 12–13 yaşlarından idmanın boks növü ilə məşğul olardı. İbrahimov Ukraynada keçiriləcək həmyaşıdları arasında boks üzrə yarışlarda iştirak etmək üçün yola düşmə ərəfəsində əli zədələndiyindən həmin yarışlarda iştirak edə bilməmişdi. Mübariz İbrahimov dindar müsəlman idi və namaz qılırdı. O, 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmışdır. Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş İbrahimov 2007-ci ildə çavuş rütbəsi ilə hərbi xidmətini başa vurmuşdur.[2] O, bir müddət mülki işdə çalışdıqdan sonra[6] 2009-cu ilin sentyabr ayında gizir kurslarına daxil olmuşdur, sonra Naftalanda xidmət etmişdir.[7] Mübariz İbrahimov həmin ilin avqustunda könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmət etmək üçün ərizə ilə müraciət etmiş, gizir kimi Tərtər rayonunda hərbi hissələrdən birində xidmət etməyə başlamışdır.[2][6]

Çaylı döyüşü

Əsas məqalə: Çaylı döyüşü
2010-cu ildə Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunun əlyazması.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizir Mübariz İbrahimov 18 iyun 2010-cu ildə,[8] saat 23:30 radələrində məktub yazaraq, xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Dağlıq Qarabağ təmas xəttinə doğru irəliləməyə başlamışdır. O, təkbaşına[9] 1 kilometr (0.62 mil) məsafəlik minalanmış ərazidən keçərək Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın etmişdir.[6][10] İbrahimov burada erməni qüvvələri ilə beş saat döyüşmüş və səhər saatlarında şəhid olmuşdur.[6] İlkin iddiaya görə, bu döyüşdə İbrahimov dörd erməni əsgərini öldürmüş[9] və daha dördünü yaralamışdır.[11] Buna baxmayaraq, o, fərqli mənbələrə görə 45[6] və ya 140[12] erməni əsgərini öldürmüşdür.

Azərbaycan Müdafiə Nazirliyinin ilkin bəyanatına görə, Mübariz İbrahimov Tərtər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən şəhid olmuşdur.[13] Qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) rəsmiləri iddia etmişdir ki, təmas xəttində yerləşən Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın 20 nəfərlik kəşfiyyat-diversiya bölməsi tərəfindən qəfil hücuma məruz qalmışdı.[14] Qondarma DQR Müdafiə Nazirliyinin iddiasına görə, Mübariz İbrahimovun silah yoldaşları isə hissəsi geri çəkilərkən onun cəsədi təmas xəttinin ermənilərə məxsus tərəfində qalmışdı.[15] Həm Ermənistan, həm də Qondarma DQR rəsmiləri bildirmişdir ki, bu, döyüşlərin Azərbaycan qüvvələri tərəfindən qızışdırıldığını sübut edirdi.[10] Azərbaycan hökuməti bu iddiaları təkzib edərək döyüşdə sadəcə Mübariz İbrahimovun iştirak etdiyini bildirmişdir.[15] Erməni Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, "Janes Information Services"in keçmiş hərbi analitiki Riçard Qiraqosyan döyüşün ya "ermənilərin cavabını yoxlamaq xarakteri" daşıdığını, ya da "Azərbaycan ordusunda komandanlıq və nizam-intizamın olmamasının əlaməti" kimi qiymətləndirmişdir.[16] Tomas de Vaala görə, cəsədlərin erməni nəzarətindəki ərazidə olması döyüşün daha çox Azərbaycan tərəfinin hücumu olduğunu göstərir. Buna baxmayaraq, o, qeyd etmişdir: "əsl mənzərə yəqin ki, heç vaxt bilinməyəcək".[17]

Girovluq

Azərbaycan və Ermənistan prezidentlərinin 27 oktyabr 2010-cu ildə Həştərxanda görüşü.

Döyüşdən sonra Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədinin qaytarılmasını tələb etmişdir.[18] Buna baxmayaraq, Ermənistan hökuməti bunun ardınca öz ilkin iddiasını təkzib edərək onun cəsədinin erməni tərəfində yox,[19] neytral zonada qaldığını bəyan etmişdir.[20] Bununla belə, 2 avqustda Rusiya saytlarının birində Mübariz İbrahimova aid olduğu iddia edilən şəkillər yayımlanmağa başlanmışdır.[4][21] Azərbaycan ictimaiyyəti bu şəkillərə emosional reaksiya vermiş,[22] Azərbaycan Müdafiə Nazirliyi isə bəyan etmişdir ki, bu şəkilləri yaymaqla Ermənistan tərəf beynəlxalq hüquq normalarına riayət etməyib. Qurum həmçinin bildirmişdir ki, Azərbaycan tərəfi Mübariz İbrahimovun cəsədini Ermənistandan almaq üçün səylərini davam etdirəcək və bu məsələdə bütün imkanlarını səfərbər edəcək. İtkin düşən və girovların, hərbi əsirlərin axtarışı üzrə beynəlxalq qrupun keçmiş koordinatoru Əvəz Həsənov da qeyd etmişdir ki, cəsədin geri qaytarılmaması Cenevrə konvensiyalarına ziddir. Azərbaycan hökuməti məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinə müraciət etmişdir. Burada şöbə müdiri olmuş İlahə Hüseynova bildirmişdir ki, onlar bu müraciəti İrəvan şəhərində yerləşən nümayəndəlik vasitəsilə Ermənistan hökumətinə çatdırmışdır. Komitənin Bakı nümayəndəliyi Mübariz İbrahimova aid olduğu iddia olunan şəkillərin internetdə yayılması haqqında məlumatı həm Cenevrədəki qərargaha, həm də İrəvandakı nümayəndəliyə çatdırmışdır.[4] Azərbaycanlı politoloq Fariz İsmayılzadəyə görə, baş vermiş gərginlik müharibəyə gətirib çıxara biləcək səviyyədə idi.[23]

Qafqaz müsəlmanlarının XII Şeyxülislam Allahşükür Paşazadə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill vasitəsilə Erməni Qriqoryan Kilsəsinin rəhbəri II Qareginə müraciət edərək, bu işdə yardım etməsini xahiş etmişdir.[24] Sentyabrda II Qaregin Mübariz İbrahimovun cəsədinin qaytarılması üçün Ermənistan Prezidenti Serj Sarkisyanla görüşmüşdür. Bəzi politoloqlar və siyasətçilər hesab etmişdir ki, katolikos bu məsələdə yanlış adama müraciət etmişdi. Onlar iddia edirlər ki, II Qaregin Sarkisyanın əvəzinə Qondarma DQR-nin ovaxtkı prezidenti Bako Saakyana müraciət etməli idi. Ermənistanın müxalif İrs Partiyasının parlament fraksiyasının lideri Stepan Səfəryan bildirmişdir: "Ermənistan tərəfi heç olmasa başa düşməlidir ki, bu məsələ Ermənistan rəsmilərinə deyil, Dağlıq Qarabağın hakimiyyət orqanlarına ünvanlanmalıdır".[15]

Mübariz İbrahimov və Fərid Əhmədovla vida mərasimi.

4 avqustda Biləsuvarda əksəriyyəti ağdamlı olan onlarla məcburi köçkün və Birinci Qarabağ müharibəsi veteranı Ermənistan hakimiyyətindən Mübariz İbrahimovun cəsədinin qaytarılmasını tələbi ilə aksiya keçirmişdir. Aksiyanı rayon sakinləri öz təşəbbüsləri ilə başlamışdılar. İştirakçılar 15–20 yüngül avtomobil və bir böyük avtobusla hərəkət edirdilər, əllərində Azərbaycan bayraqları, İbrahimovun fotoşəkilləri və üzərində "Hamımız Mübarizik!" yazılmış plakatlar qaldırmışdılar.[25][10]

Mübariz İbrahimovun cəsədinin Ermənistanın girovluğunda olan dövrdə onunla bağlı çoxlu dezinformasiyalar yayılmışdır.[26] Hüquq müdafiəçisi Əvəz Həsənova görə, həm Azərbaycan, həm də Ermənistan vəziyyətdən təbliğat üçün istifadə etməyə çalışmışdı. O demişdir ki, "Ermənistan mətbuatında Azərbaycanda hərbi ritorikanın güclənməsi" həmişə işıqlandırılırdı və "Azərbaycanın atəşkəsi pozmaqla bu ritorikanı gücləndirməyə çalışdığı"nı deyirdilər. Odur ki, Həsənova görə "Ermənistan mətbuatı belə bir faktı dünya ictimaiyyətinə göstərməyə maraqlıydı". O bildirmişdir ki, bu, daha çox ermənilərə lazımlı bir məsələ idi, çünki beləliklə, onlar deyə bilərdilər ki, "Azərbaycan sülh danışıqları aparsa da, onun əsgəri bizim dörd döyüşçümüzü cəbhə xəttində öldürür". Əvəz Həsənova görə, Ermənistan bu faktdan beynəlxalq təbliğat, Azərbaycan isə daxili təbliğat üçün yararlanmışdır.[4]

Dəfn

27 oktyabr 2010-cu ildə Rusiyanın Həştərxan şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşlərində birgə bəyannamə imzalanmışdır. Bu bəyannaməyə görə, hərbi əsirlər dəyişdirilməli, ölənlərin cəsədləri isə ləngimədən qarşı tərəfə verilməli idi.[27] Sənədin icrasına 4 noyabrda başlanılmışdır.[28]

Mübariz İbrahimov və 4 sentyabrda Tərtər rayonu istiqamətində Ermənistan hərbçiləri ilə döyüşdə şəhid olmuş baş leytenant Fərid Əhmədovun cəsədləri[29][30] 6 noyabrda Ağdamın Baş Qərvənd kəndi yaxınlığında, Dağlıq Qarabağ təmas xəttində, neytral zonada Azərbaycan tərəfinə təhvil verilmişdir. Bu prosesdə Beynəlxalq Qırmızı Xaç KomitəsiƏsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri də iştirak etmişdir. Eyni zamanda, Azərbaycan tərəfi cəbhə bölgəsində ölmüş, keçmiş Ağdərə rayonu Suqovuşan kənd sakini, 86 yaşlı Qavruşa Arustamyanın cəsədini Ermənistan tərəfinə qaytarmışdır.[31][32]

Növbəti gün Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədləri saat 12-də morqdan götürülərək Təzəpir məscidinə aparılmışdır və cəsədlər orada dini adət-ənənə ilə dəfnə hazırlanmışdır. Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyindən məscidə kimi cənazələri izdiham və müvafiq dövlət qurumlarının nümayəndələri, Dövlət Yol Polisinin avtomobilləri müşayiət etmişdir. Cənazələri Təzəpir məscidində şeyxülislam Allahşükür Paşazadə qarşılamışdır. Bundan sonra hər iki hərbçinin cəsədi Azərbaycan Müdafiə Nazirliyinə aparılmışdır və orada vida mərasimi keçirilmişdir. Mərasimdə hərbçilərlə yanaşı, xeyli sayda mülki şəxs də iştirak etmişdir.[13][33]

Mübariz İbrahimov və Fərid Əhmədov 7 noyabrda Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda təntənəli şəkildə dəfn edilmişdir.[8][34][35] Dəfn mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev iki şəhidin xatirəsini ehtiramla yad etmiş və Dağlıq Qarabağ münaqişəsinin güc yolu ilə həlli ilə bağlı təhdidlərini təkrarlamışdır. Onun sözlərinə görə, Azərbaycan "hər an hərbi yolla ölkənin ərazi bütövlüyünü bərpa edə bilər".[36] O həmçinin, burada Ermənistanı "tarixi Azərbaycan torpaqları" adlandırmışdır.[37]

11 noyabrda Təzəpir məscidində İlham Əliyevin adından Mübariz İbrahimov və Fərid Əhmədovun xatirəsinə ehsan mərasimi keçirilmişdir. Mərasimdə hərbçilərin valideynləri, yaxınları, qohumları, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Daxili İşlər, Müdafiə nazirliklərinin rəhbərliyi və şəxsi heyətləri, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, ictimai-siyasi xadimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.[38]

İrsi

Azərbaycan Prezidenti İlham Əliyevin 22 iyul 2010-cu il tarixli fərmanı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.[39][34] Sərəncamda qeyd edilmişdir ki, Milli Qəhrəman adı Mübariz İbrahimova "Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə" verilmişdir. Bundan başqa, Əliyev İbrahimovun xatirəsini əbədiləşdirmək üçün imzaladığı sərəncamda qeyd edilmişdir: "Nazirlər Kabineti Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin; Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayonunda küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etsin".[39][40] 15 iyun 2011-ci ildə onun adını daşıyan məktəbin qarşısında Azərbaycan Mərkəzi Bankının sponsorluğu ilə Mübariz İbrahimovun 4 metrlik qranit heykəlinin açılışı olmuşdur.[41][42] Mübariz İbrahimov 2010-cu ildə ANS Şirkətlər Qrupu tərəfindən Azərbaycanda "ilin adamı" seçilmişdir.[43]

Türkiyədə fəaliyyət göstərən "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov tankerlərindən birinə Mübariz İbrahimovun adını vermişdir.

İbrahimovun cəsədi girovluqda olan dövrdə Azərbaycanın bütün şəhərlərində binalar, avtobuslar, avtomobillər İbrahimovun şəkilləri ilə bəzədilmişdir. Türkiyədə fəaliyyət göstərən "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov tankerlərindən birinə Mübariz İbrahimovun adını vermişdir.[18] 2011-ci ilin fevralında Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin Mübariz İbrahimova həsr etdiyi yazı müsabiqəsini keçirilmişdir. Müsabiqədə qalib olmağa 83 əsər iddialı idi. Birinci yerə yazıçı-publisist Hafiz Mirzənin "Qeyrət" hekayəsi layiq görülmüşdür (1,000 manat).[44] Xəzər dənizində 30 kilometr (19 mil) məsafəni 8,5 saata üzən Lənkəran şəhər sakini Elşən Salayev qazandığı nailiyyəti Mübariz İbrahimova həsr etmişdir.[45]

13 noyabr 2010-cu ildə Azərbaycanın cənub rayonlarından Bakıya avtomobillərlə yürüş keçirilmişdir. Əsasən dindarların təşkil etdiyi yürüş Mübariz İbrahimovla Fərid Əhmədovun xatirəsinə həsr olunmuşdur. Aksiya milli qəhrəmanların dəfn olunduğu Bakıdakı İkinci Fəxri Xiyabanda davam etmişdir.[8] 2015-ci ilin noyabrında dindarlar Mübariz İbrahimovun xatirəsini yad etmək məqsədilə Şəhidlər Xiyabanına yürüş etmişdir. Bununla bağlı Müsəlman Birliyi Hərəkatının lideri, şiə ilahiyyatçısı Taleh Bağırzadə Yasamal rayon polis idarəsinə çağırılmış, ardınca Bağırzadənin müavini Elçin Qasımov da saxlanılmışdır. Bu, onun tərəfdarlarının Sabunçu rayon polis idarəsinin binası qarşısında etirazına səbəb olmuşdu.[46]

2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto parkında Azərbaycan icmasının təşəbbüsü ilə Mübariz İbrahimov adına xatirə lövhəsi vurulmuşdur.[47][48] 2016-cı ildə Sumqayıtda küçələrdən birinə İbrahimovun adı verilmişdir.[49] 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onun heykəli ucaldılmışdır.[50]

2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi "İstiqlal" snayper tüfəngləri ailəsindən 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə "Mübariz" adlandırılmışdır.[51] 2016-cı ilin mayında Cəmşid Naxçıvanski adına hərbi liseydə Mübariz İbrahimovun xatirəsinə həsr olunan hərbi oyunlar keçirilmişdir. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd edilmişdir ki, kursantlar qaçış, qumbara atma, atəş və kəndir dartma növləri üzrə yarışmışdılar. Qalib kursantlar mükafatlandırılmışdır.[52]

2010-cu ilin sentyabrında Bakıda Mübariz İbrahimovun həyatından bəhs edən sənədli film nümayiş etdirilmişdir.[15] Həmçinin, "Era" kinostudiyası ona aid "Mübariz" filmini çəkmişdir.[47] Mübariz İbrahimov haqqında Mustafa Çəmənlinin "Mübariz" romanı, Elxan Elatlının "Qisas gecəsi" romanı, Maarif Köçkünün "Mübariz cəsarəti" poeması, Baxşeyiş Abbasoğlunun "Ölüm son deyil… və yaxud əbədiyyət nəğməsi" romanı, Çingiz Qacarın "Turan bahaduru" və Zaur Ustacın "Oriyentir ulduzu" əsərləri aiddir.[47] Həmçinin, 28 dekabr 2016-cı il tarixində Azərbaycan Dillər Universitetində Azərbaycan YazıçılarJurnalistlər Birliyinin üzvü, Türk xalqlarının Ümumdünya Konqresinin prezidenti, yazıçı, professor Yəhya Caniyarın Mübariz İbrahimovun həyatından bəhs edən "Turan mübarizi" kitabının təqdimat mərasimi keçirilmişdir.[53] Rasət Pirisoyu Mübariz İbrahimova həsr olunmuş ağı yazmışdır.[54] 2013-cü ildə Türkiyənin "Sakarya Fırat" teleserialında Mübariz İbrahimova bir neçə dəfə istinad edilmişdir.[55] 2014-cü ildə Türkiyənin "TRT 1" kanalında nümayiş olunan "Kızıl Elma" serialında onun haqqında məlumat verilmişdir.[56] 2015-ci ildə filologiya üzrə fəlsəfə Şəmil Sadiqin ssenarisi əsasında rəssam Vasif Səftərov tərəfindən Mübariz İbrahimov haqqında cizgi-roman hazırlanmışdır.[57] 2022-ci ildə "Virtual Qarabağ" İKT Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Türkiyədə Mübariz İbrahimov haqqında animasiya filmi hazırlanmışdır.[58]

İkinci Qarabağ müharibəsi zamanı, 4 oktyabr 2020-ci ildə Mübariz İbrahimovun şəhid olduğu yer Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş və burada Azərbaycan bayrağı dalğalandırılmışdır.[59]

Münasibət

Mübariz İbrahimovun cəsədi girovluqda olan dövrdə Ermənistan Prezidenti Serj Sarkisyan Azərbaycan tərəfini "Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə" günahlandırmış, Azərbaycan Prezidenti İlham Əliyev isə cavabında "Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürüb, özü də həyatını qəhrəmancasına qurban verib. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərib və haqlı olaraq da Milli Qəhrəman adını qazanıb".[60]

Mübariz İbrahimov Azərbaycan ictimaiyyətində milli qəhrəmana çevrilmişdir.[23] Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli bildirmişdir ki, Mübariz İbrahimov "öz əməli ilə Azərbaycanda əbədi yaşayacaq".[61] Əksinə, Ermənistanda Mübariz İbrahimov geniş şəkildə "diversiyaçı" və "cinayətkar" adlandırılaraq şeytanlaşdırılmışdır. Onun iştirak etdiyi Çaylı döyüşü ermənilərdə Azərbaycanın separatçı Dağlıq Qarabağ ərazisi üzərində nəzarəti bərpa etmək üçün gücdən istifadə etmək planları hazırlaya biləcəyi ilə bağlı narahatlığı artırmışdı.[15]

Azərbaycanlı siyasi fəal Toğrul İsaoğlu Mübariz İbrahimovun atəşkəs halında ikən heç bir əmr almadan özbaşına erməni tərəfə keçib Ermənistan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuları öldürməsi "itaətsizlik" adlandırmışdır. Onun fikrinə görə, Mübariz İbrahimov sağ qalsaydı, o, Azərbaycan qanunvericiliyinə əsasən "xidmət etdiyi hərbi hissəni özbaşına tərk etdiyinə görə" məsuliyyətə cəlb olunaraq həbs ediləcəkdi.[62] Mübariz İbrahimovun şəhid olması Azərbaycanda yeni mübahisə açmışdı. Bloger Rəşad Babalıya görə, "atəşkəsdən sonra Mübariz kimi ermənilərin içinə girib onları qıranlar az olmamışdı", lakin "onlar adsız qəhrəmanlar olmuşdular" və "bir çoxları da etdiklərinə görə dövlətin onlara münasibətindən gileylənmişdir". Babalı qeyd etmişdir ki, Mübariz İbrahimovun "güclü şəkildə təbliğindən qıcıq olanlar var" və onların bir qismi İbrahimova "hakimiyyətin özünü təbliğ etmək üçün vasitəyə çevirdiyindən hakimiyyət qarışıq mübarizin əməlinə də ikrah edirlər".[63]

Nərmin Şahmarzadə qalmaqalı

2018-ci ilin axırlarında azərbaycanlı tələbə, fəal və psixoloq Nərmin Şahmarzadə "Facebook" sosial şəbəkəsində etdiyi paylaşımda "Azərbaycan kişisinin" Mübariz İbrahimov kimi olmalı olmadığını, "döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan birini öldürməyi" qəddarlıq saydığını yazmış, İbrahimovun sağ qaldığı halda onu haqqında hərbi cinayət işi açılacağını güman etmiş, onun "dövlətə siyasi olaraq təhlükə yaratdığını" əlavə etmiş, eyni zamanda erməniləri düşmən saymadığını qeyd etmişdir. Bu yazısına görə sosial şəbəkələrdə tənqid olunan Şahmarzadə bir neçə gün sonra üzr istəyərək, kimsəni təhqir etmək niyyətində olmadığını bildirmişdi. Bu paylaşıma görə Mübariz İbrahimovun anası Şamama İbrahimova, Fövqaladə Hallar Nazirliyinin mayoru Araz Musayev və vəkil Ramil Rüstəmov Şahmarzadəyə qarşı 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə şikayət vermişdir.[64] Onların tələbi Nərmin Şahmarzadənin 3 il müddətinə azadlıqdan məhrum edilməsi və onun Azərbaycan xalqından üzr istəməsi olmuşdur. İşə Bakının Xətai Rayon Məhkəməsində baxılmalı idi, lakin qurum şikayətin qanuni əsaslarla verilmədiyini əsas göstərərək Şahmarzadəyə qarşı irəli sürülmüş şikayəti icraata götürməkdən imtina etmişdir. Nərmin Şahmarzadə sonradan Mübariz İbrahimovun valideynlərindən üzr istəyərək onun sözlərinin təhrif edildiyini və İbrahimovu qatil adlandırmadığını bildirmişdir.[65][66]

2019-cu il 23 oktyabrda Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin çıxardığı hökmə əsasən, Şahmarzadə Cinayət Məcəlləsinin 148-ci maddəsiylə – Mübariz İbrahimovun şərəfini ləkələməkdə, onu təhqir etməkdə təqsirli bilinmiş və bu maddə ilə ona 400 saat ictimai işlər cəzası verilmişdir. Hakim Şahmarzadənin statuslarında böhtan olmadığı qənaətinə gəlmiş və 147-ci maddə ilə ona bəraət vermişdir. Bundan başqa, hökmdən əvvəl Şahmarzadə özünü təqsirli bilmədiyini, kimsəni təhqir etmədiyini vurğulayan psixoloq bəraət istəmişdir.[67]

Mənbə

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər