Belarusda holokost

Belarusda holokost İkinci dünya müharibəsi ərzində Belarus ərazisində yəhudilərə qarşı Nasist Almaniyası tərəfindən həyata keçirilmiş cinayətlərə verilən ümumi addır. 1939-cu ildə Polşanın Sovet İttifaqı tərəfindən işğal olunmasından sonra Belarusun sərhədlərində ciddi dəyişikliklər baş vermişdi.[1][2]

Holokost qurbanlarınının xatirəsinə həsr olunmuş Yama memorial-abidə kompleksi. Minsk şəhəri

1 sentyabr 1939-cu il tarixində İkinci dünya müharibəsinin başlamasından sonra Nasist Almaniyası da Polşanın işğalına başlamışdı. Gizli şəkildə imzalanmış Molotov-Ribbentrop paktına əsasən Sovet Ordusu da 17 sentyabrdan etibarən Polşanın şərqdən işğalını paralel həyata keçirirdi. Bu işğal nəticəsində Polşanın şərq hissəsi SSRİ tərəfindən anneksiya olunmuş və Belarus SSR ilə Ukrayna SSR arasında bölüşdürülmüşdü.[3]

Müasir Belarusun bütün ərazisi 1941-ci ilin avqust ayının sonlarına qədər Nasist Almaniyası tərəfindən işğal olundu.[4] Amerikalı tarixçi Lusi Davidoviçin müəllifi olduğu Yəhudilərə qarşı müharibə kitabında yazılanlara görə Belarus SSR-də yaşayan yəhudilərin 66%-i Holokost zamanı həlak olmuşdur. Sovet mənbələrinin məlumatına əsasən İkinci dünya müharibəsi başlayana qədər Belarus ərazisində 375,000 nəfər etnik yəhudi məskunlaşmışdı. Məsələn, eyni dövrdə Baltikyanı ölkələrdə yaşayan yəhudilərin 90%-i nasistlər tərəfindən öldürülmüşdü.[5]

Arxa plan

1939-cu ildə Polşanın Sovet Ordusu tərəfindən işğal olunması və həmin ərazilərin Belorusiya ilə Ukrayna arasında bölüşdürülməsi nəticəsində Belarus SSR-in sahəsi təqribən iki dəfə artdı.[6] İşğal olunmuş ərazidə yerləşən şəhərlərin adları ruslaşdırıldı, həmçinin yeni vilayətlər yaradıldı. Milyonlarla polşalı vətəndaş özləri üçün yeni olan Sovet qanunları əsasında yaşamağa məcbur edildi.[7] İki il ərzində Belarusiya Sovet Sosialist Respublikasının paytaxtı olan Minsk şəhərinin yəhudi əhalisinin sayı alman işğalından qaçan Polşa yəhudilərinin sayəsində 90,000 nəfərə yüksəldi.

Minsk Gettosunun yəhudi məhbusları stansiyada qar təmizləyərkən. 1942-ci il, fevral.

Üçüncü Reyx tərəfindən törədilən Holokost hadisələri 1941-ci ilin yayında Barbarossa əməliyyatının başlaması ilə başda Belarus olmaqla, Sovet ərazilərinə keçdi.[8] 28 iyun 1941-ci ildə Vermaxt qoşunları Minski bombardman etdikdən sonra şəhəri ələ keçirməyə nail oldu. Hitler Barbarossa əməliyyatını Almaniyanın "Yəhudi bolşevizmi"nə qarşı müharibəsi olaraq görürdü.[9] 3 iyul 1941-ci ildə nasistlər tərəfindən Minskdə həyata keçirilmiş ilk "seçim" nəticəsində 2000 nəfər yəhudi meşəyə aparılmış və burada öldürülmüşdür.[10] Nasistlər Minski işğal etdikdən sonra şəhəri Ostland Reyxkomissarlığının mərkəzi elan etmişdilər. 15 iyul 1941-ci ildən etibarən bütün yəhudilər paltarlarının çöl hissəsinə sarı Davud ulduzu nişanı taxmağa məcbur edildi. Bunun ardınca, 20 iyul 1941-ci il tarixində isə Minsk Gettosunun yaradıldığı elan olundu. Artıq iki il ərzində bura 10,000 yəhudinin saxlanıldığı işğal olunmuş Sovet ərazilərində yaradılmış ən böyük getto idi.[11]

Etnik belarusların əksər hissəsi işğalın ilk illərində Nasist Almaniyasını dəstəkləyirdi.[12] İvan Yermaçenko da daxil olmaqla bir çox millətçilər bu işğaldan sonra Reyxin protektoratı olan müstəqil Belarus dövlətinin yaradılacağına ümid bəsləyirdi. 1942-ci ilin sonlarından etibarən Yermaçenkonun BNS adı ilə tanınan qruplaşmasının Sovet İttifaqının müxtəlif şəhərlərindən olan 30,000 nəfərə yaxın üzvü var idi.[13] 1941-ci ilin yayında nasist hakimiyyəti tərəfindən Belarusiya Köməkçi Polisi adlı qurum yaradıldı. Bu qurumdakı yuxarı vəzifələrin çoxu da məhz BNS qruplaşmasının üzvlərinə təhvil verildi. Almanlar tərəfindən işğal olunmuş Sovet ərazilərindəki köməkçi polis qüvvələrinin sayı 300,000 nəfərə çatırdı.[14]

17 iyul 1941-ci il tarixində Ukrayna Reyxkomissarlığı yaradıldı və müasir Belarus ərazisinin cənub hissəsi, həmçinin RSFSR-nin Qomel vilayəti bu reyxkomissarlığa birləşdirildi. Yəhudilər burada da daima nasistlər tərəfindən əhalinin digər hissəsindən ayrılır və müxtəlif bölgələrdə yerləşən gettolara deportasiya olunurdu. Sovet rəhbərliyi Minskdə heç bir təxliyə həyata keçirmədən qaçdığına görə yəhudilərin də əksər hissəsi almanlar tərəfindən əsir götürülmüşdü.[15] Təkcə Minskdə 100,000 nəfər həbs olunaraq gettolarda saxlanılırdı.[16]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər