Malatya qətliamı

Malatya qətliamı — 17–20 aprel 1978-ci il tarixlərində Türkiyənin Malatya şəhərində baş vermiş ələvilərə qarşı kütləvi zorakılıq hadisəsi. Qətliama o vaxtkı bələdiyyə sədri Həmid Fəndoğlunun öldürülməsi səbəb olmuşdur. Bundan sonra sünni islamçı qruplar şəhərin ələvi və solçu bölgələrinə girərək zorakılıq törətmişdilər.[1] Qətliam nəticəsində 8 nəfər həlak olmuş, bir neçə yüz nəfər yaralanmış, minə yaxın bina dağıdılmışdır. Zorakılığın başlanmasından sonra minlərlə ələvi şəhəri tərk etmək məcburiyyətində qalmışdır.[2]

Malatya qətliamı

Zəmin

1973-cü ildə Türkiyədə keçirilən parlament seçkilərindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) və Milli Qurtuluş Partiyası (MSP) Malatyanın ən böyük partiyaları olmuşdu. İslamçı partiya olan MSP sünni və sağçı qrupların dəstəyini almışdı, CHP ümumiyyətlə ələvi və solçu qruplar tərəfindən dəstəklənirdi. Bu çərçivədə şəhərdə sağ və solun ayrılması prosesi artmağa başlamışdır. Sol təşkilatlar qurulmağa və geniş yayılmağa başlamış, Kommunizm ilə Mübarizə Dərnəkləri, Boz Qurdlar və Basqınçılar Assosiasiyası kimi sağçı təşkilatlar böyümüşdür. Bu qütbləşmə 1977-ci ildə Türkiyədə keçirilən ümumi seçkilərdə də müşahidə olunmuş, burada MSP və Milliyyətçi Hərəkat Partiyasının əvvəlki illərdəki seçkilərdən xeyli çox səs almışdır.[3]

1968-ci ildən qətliama qədər olan dövrdə iğtişaşlar və zorakılıqların artması tendensiyası müşahidə olunurdu. Hadisələrə Malatyada Kamal Abbas Altunqaşın öldürülməsi (1968), Həkimxan hadisəsi (1968), 2 fevral yığıncağı (1975), 15–16 fevral hadisələri (1975) və Ağcadağ Müəllimlər Məktəbi hadisəsi (1975) daxildir.[4]

Həmid Fəndoğlunun qətli

17 aprel 1978-ci il hadisələri bələdiyyə sədri Həmid Fəndoğlunun evində partlayan bombanın onun, gəlini və iki nəvəsinin həlak olması ilə başlamışdır. Bomba 7 aprel 1978-ci ildə Ankaradan göndərilmiş paketin içərisində idi. Eyni gündə daha bir neçə bomba paketi göndərilmişdir. Bombanı göndərən təşkilatla bağlı dəqiq fikir birliyi yox idi, ancaq hadisədən sonrakı günlərdə onun yalnız Ankara Nüvə Araşdırmaları Mərkəzində istehsal oluna biləcəyi açıqlanmışdır. "Bozqurdlar"ın keçmiş prezidenti Məhərrəm Şəmsəklə birlikdə müəssisədə çalışan bir neçə nəfər saxlanılmışdır.[5] Saxlanılanlar daha sonra sərbəst buraxılmışdır. MSP üzvləri bombanın sağçı qrup tərəfindən göndərilməsi ilə bağlı iddiaları rədd edərək bunun əvəzinə onu kommunist qrupun göndərdiyini iddia etmişdilər.[6] "Ortadoğu Gazetesi" sui-qəsdin "solçuların və onlarla əməkdaşlıq edən separatçıların işi" olduğunu sübut edən lenti ələ keçirdiklərini iddia etmişdir.[7]

Qətliam

Sui-qəsdin ardınca ələvilərə məxsus evlərin önünə qırmızı sprey boya ilə X işarəsi çəkilmişdir. Axşam saatlarında şəhərdə ələvilərə qarşı hücumlar başlamış və bu, 20 aprelə qədər davam etmişdir. Qətliam nəticəsində 8 nəfər həlak olmuş, bir neçə yüz nəfər yaralanmış, minə yaxın bina dağıdılmışdır. Zorakılığın başlanmasından sonra minlərlə ələvi şəhəri tərk etmək məcburiyyətində qalmışdır.[2]

İstinadlar