Həsən sultan

Həsən sultan (14971524) — Şəki hökmdarı olmuşdur. Hakimiyyətə gəldiyi vaxt 1497 – 1519-cu illər arasında olduğu güman edilir. Şəki hökmdarı Şahhüseyn öldürülən sonra hakimiyyətə gəlmişdir. 19-cu əsr Şəki tarixçiləri onu nuxalı Qara keşişin nəslinə, 16-17-cı əsr Səfəvi tarixçisi isə Şirvanşahlar xanədana mənsub hesab edib.[2]

Həsən sultan
Şəki hökmdarı
+1519 – may, 1524
ƏvvəlkiŞəkixan, yaxud Zəki xan
SonrakıDərviş Məhəmməd xan
Şəxsi məlumatlar
Doğum tarixi1497
Vəfat tarixi
Vəfat yeriCar vilayəti, Padar kəndi yaxınlığında
Dəfn yeriŞəki, Daş-yüz, Arvatan kəndi (Şəki şəhərinin ehtimal edilən əski yeri, indiki Şəki rayonunundakı Cəfərabad kəndinin şimal-şərqi)
AtasıŞəkixan, yaxud Zəki xan
UşaqlarıDərviş Məhəmməd xan; Şahnəzər
Diniİslam

Şah İsmayılın Şəkiyə təşrif buyurması (1524)

1524-cü ildə Novruz bayramından az sonra Şah İsmayıl böyük bir qoşunla Qarabağdan keçərək ov edə-edə Şəki hökmdarlığının ərazisinə daxil olur. Salnamələrdə deyilir:

"Şəki valisi Həsən bəy onu qarşılamağa çıxıb təzim etmək şərəfinə nail oldu və zəmanə hökmdarına bol-firavan peşkəşlər təqdim etdi. Əlahəzrət şah ov etmək sevdasına və dağlara tamaşa etmək həvəsinə malik olduğu üçün hökm verdi ki, qazilər və Şəki əyanları Gürcüstanla Şəki arasında yerləşən və Şahdağ adı ilə məşhur olan yerdəki cüyürləri və digər vəhşi ov heyvanlarını qovub bir yerə toplasınlar. Belə nəql edirlər ki, keçmiş sultanlar o vilayətdə Şahdağa pənah aparan ovun ardınca getməzdilər və buna görə də o dağda çoxlu cüyür vardı. Heç bir kəs o cüyürlərə dəyib-dolaşa bilmirdi. Çünki onların (Şahdağda) ovlanması uğursuzluq əlaməti hesab olunurdu. Bu məsələni (şaha) ərz etsələr də, o həzrət buna məhəl qoymadı və ovun başlamasına əmr etdi. Elə ki cərgə ovu tərtib olundu, hökmdar çoxlu cüyür və saysız-hesabsız vəhşi heyvanları Şahdağda ovlayıb Ərdəbilə tərəf geri qayıtdı".[3]

Şah yolda ağır xəstələnir və tələsik Təbrizə yola düşür. Sərab yaxınlığındakı Mənqutay adlı yerdə halı o qədər pisləşir ki, düşərgə salmalı olurlar. Müalicənin bir faydası olmur, o, 23 may 1524-cü ildə 36 yaşında, həyatının, yaradıcılığının, arzularının ən qaynar çağında dünyadan köçür və Ərdəbildə, Şeyx Səfi məqbərəsində dəfn olunur.

Kaxet hakimi Levanın Şəkiyə hücum etməsi

1524-cü ilin baharında Gürcü çarı Levon, Şəki hökmdarlığı ərazisinə qoşun çəkdi. Həsən sultan onu Padar kəndinin yaxınlığında ( – indiki Zakatala – Balakən rayonları arasında) qarşıladı. Gürcülər geri çəkildilər. Lakin buna qədər, tərəflər arasında baş vermiş toqquşmada, artıq, Həsən sultan şəhid olmuşdu. Həsən sultanın ölümündən iki gün keçməmiş, 36 yaşında ikən Şah İsmayıl Xətai də dünyasını dəyişdi…[4]

Həsən sultanın dəfn edildiyi yer

19-cu əsr yerli Şəki tarixçisi H.S.Əbdülhəmidə görə onun "nəşini gətirib Daş-yüz adı ilə məşhur olan yerdə" torpağa tapşırmışlar. 19-cu əsrin sonu, yaxud 20-ci əsrin əvvəllərinə aid anonim digər bir yerli Şəki mənbəsində isə göstərilir ki, həmin vaxt Həsən sultanın qəbri Cəfərabad kəndinin yaxınlığında, "Arvatan" deyilən yerdə, yolun kənarında imiş. Anonim katibin yazdığından bu da aydınlaşır ki, qəbrin üzərindəki günbəz yalnız o ərəfələrdə dağılıbmış[5].

Hal-hazırda Cəfərabad kəndinin sakinləri kəndin şimal-şərq hissəsindəki ərazini "Həsən-soltan" adlandırmaqdadırlar.

İstinadlar

Xarici keçidlər