II Xəlilullah

II Xəlilullah (XIV əsr, Bakı1535, Bakı) — Şirvanşahlar dövlətinin qırx birinci, Şirvanşah II İbrahimin oğlu.

II Xəlilullah ibn II İbrahim
1524 – 1535
ƏvvəlkiII İbrahim
SonrakıII Fərrux Yasar
Şəxsi məlumatlar
Doğum tarixi?
Doğum yeriBakı
Vəfat tarixi4.11.1535 və ya
6.11.1535
Vəfat yeri
Fəaliyyətiqubernator
AtasıII İbrahim
Həyat yoldaşıPəri Sultan (Şah İsmayıl Xətainin qızı)
UşağıMəhəmməd Mirzə
AiləsiDərbəndilər
DiniSünni İslam

Fəaliyyəti

II Şeyx İbrahim (Şeyxşah) h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanı onun böyük oğlu, II Xəlilüllah da adlandırılan Sultan Xəlil idarə etməyə başladı. O, Şah İsmayılın qızı Pərixan xanımla evlənməklə, onun himayəsinə nail oldu. Münəccimbaşının təbirincə, "qardaşlarından heç biri onun əleyhinə çıxa bilmədi".[1]

O, mənbələrdə ağıllı və bacarıqlı, dəbdəbəli səfərləri, şərab və əyləncəni sevən hökmdar kimi səciyyələndirilir. Onun alim və şairlərlə ünsiyyəti sevməsi, son dərəcə səxavətli olması və bir o qədər də qəddar olması qeyd edilir.[2][3] Şirvanşahın Təbriz sarayı ilə əlaqələri daha da möhkəmləndi.

Səfəvilərlə münasibətlər

Şah İsmayıl h.930 (1524)-cu ildə öldükdən sonra Şirvanşaha münasibət dəyişdi. Şah İsmayılın səfəvi taxtına çıxan gənc oğlu və varisi I Təhmasib bacısının əri olmasına baxmayaraq, Xəlilüllahdan şübhələnməyə başladı. Şah Təhmasib Xəlilüllaha etibar eləmir, Şirvanşahlar dövlətini özünə tabe etdirməyə, sülaləni aradan qaldırmağa hazırlaşırdı. Şərəf xan Bidlisinin məlumatına görə Şah Təhmasib h.939 (1532-33)-cu ildə Şirvanın idarə olunmasını qardaşı Əlqas Mirzəyə tapşırdı. Bədr xan Ustaclını isə ona qəyyum təyin etdi. Şahın Şirvanşaha inamsızlığı sonuncunun şaha xəyanət edən və Təbrizi tutan türk sultanı Süleyman Qaziyə qoşulmuş Biye Piş Gilan hakimi, Əmire-Dibac adlandırılan Sultan Müzəffərə sığınacaq verməsindən sonra daha da dərinləşdi.

Sultan Azərbaycanı tərk edəndən sonra Əmire-Dibac qızılbaşlarla vuruşmada məğlub edilərək Gilandan qovuldu və dəniz yolu ilə Şirvana qaçaraq, Şirvanşahın himayəsinə sığındı. Şirvanşah onun bağışlanmasını şahdan iltimas edəcəyini vəd etdi. Lakin Xəlilüllah tezliklə öldü və öz vədinə əməl edə bilmədi. Təhmasib öz adamlarını Şirvana göndərərək, Əmire-Dibacı gətirmələrini əmr etdi. Şirvan əmirləri buna mane ola bilmədilər. Şahın adamları onu yaxalayıb Təbrizə gətirdilər. Şərəfxan Bitlisinin məlumatına görə, "Onu (şahın) əmri ilə taxta qəfəsə saldılar, (qəfəsi) cümə məscidinin minarəsindən asaraq, neft töküb yandırdılar".[4][5]

Osmanlı ilə münasibətlər

1534-cü ildə İraqeyn yürüşü zamanı Sultan Süleyman Ərzincanda olarkən ona səfir göndərmişdir[6] və Osmanlı vassalı olmağı qəbul etmişdir.[7]

Ailəsi

Osmanlı mənbələri Şirvanşahın Məhəmməd Mirzə adlı oğlu olduğunu və Sultan Süleyman tərəfindən Təbrizə vali təyin edildiyini bildirirlər.[8]

Ölümü

Şirvanşah Şirvanda 12 ilə yaxın hökmranlıq sürərək h.942-ci il cəmadiyüləvvəl ayının 9-da, cümə günü (6 noyabr 1535-ci il) vərəsə qoyub getmədən öldü.[9][10]. II Xəlilüllahın bütün hakimiyyəti illərində – h.930-942 (1524-1535)-ci illər – Şamaxıda onun adından gümüş sikkələr kəsilmişdir.[11]