Poçt markası kolleksiyaçılığı

Poçt markası kolleksiyaçılığı poçt markası və əlaqəli əşyaların kolleksiyası ilə məşğul olmağı əhatə edir. Filateliyanın sahələrindən biridir. XIX əsrdən bəri dünyanın ən populyar hobbilərindən biridir.[1]

Gənc marka kolleksiyaçısı (1954).

Tarixi

İrlandiyada yaşamış Con Burkenin ilk marka kolleksiyaçısı olduğu güman olunur. O, 1774-cü ildə fiskal markalardan ibarət kolleksiya hazırlamışdır. Onun kolleksiyası Dublində yerləşən İrland Kral Akademiyasında mühafizə olunur.[2]

Poçt markası kolleksiyaçılığı isə demək olar ki, poçt markalarının ilk dəfə buraxıldığı zamanda yaranmışdır. Artıq 1860-cı illərdə AvropadaABŞ-də poçt markası kolleksiyaçılığı ilə məşğul olan minlərlə şəxs var idi. Poçt markası yığan ilk görkəmli şəxslərdən biri Con Eduard Qrey olmuşdur.[3] Adelayd Lusi Fenton isə poçt markası kolleksiyaçılığı ilə məşğul olmuş ilk qadınlardan biridir.[4]

Alətlər

Poçt markası kolleksiyaçılığı ilə məşğul olarkən bir neçə sadə alətdən istifadə olunur. Marka maqqaşı markaları onlara zərər vermədən götürmək üçün istifadə olunur. Lupa isə markadakı detallara baxmağa kömək edir. Markalar adətən poçt markası albomunda saxlanır.

Məşhur kolleksiyaçılar

Con Lennonun marka albomu.

Fransa-Avstriya aristokratı Filipp fon Ferrarinin XX əsrin əvvəllərində yığdığı poçt markası kolleksiyası ən məşhur kolleksiyalardan biri hesab olunur. İngiltərə biznesmeni Tomas Taplinq öz poçt markası kolleksiyasını 1891-ci ildə Britaniya Muzeyinə bağışlamışdır. Bu kolleksiya Taplinq kolleksiyası kimi tanınır.[5]

Bəzi Avropa monarxları poçt markası kolleksiyaçısı olmuşdurlar: Britaniya kralı V Corc və Rumıniya kralı II Karol kimi. ABŞ prezidenti Franklin Delano Ruzvelt poçt markası yığmağı sevirdi. Hətta bir sıra xatirə markasını o dizayn etmişdir.[6] Freddi Merkuri uşaq olarkən marka yığmışdır. Onun uşaqlıq kolleksiyası Britaniya Poçt Muzeyi və Arxivində saxlanılır.[7] "The Beatles" qrupunun üzvü Con Lennon da uşaqlıqda poçt markası yığmışdır. Onun kolleksiyası Milli Poçt Muzeyində qorunur.[8]

İstinadlar

Xarici keçidlər