Rüstəm Rəhimov

Azərbaycanlı futbolçu və futbol hakimi

Rüstəm Rəhimov (6 mart 1948[1], Bakı) — Azərbaycanlı futbol hakimi, futbolçu, ümumittifaq dərəcəli hakim və Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi (2010).[2]

Rüstəm Rəhimov
Ümumi məlumatlar
Doğum tarixi6 mart 1948(1948-03-06)[1] (76 yaş)
Doğum yeri
Vətəndaşlığı
Mövqeyimüdafiəçi
Təltif və medalları
"Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adı — 2010

Həyatı

Rüstəm Rəhimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə

Rüstəm Rəhimov 1948-ci il martın 6-da Bakı şəhərində anadan olmuşdur.[3] O, orta təhsilini Bakı şəhərinin 132 nömrəli tam orta məktəbində başa vurmuşdur.[4]

Futbolçu karyerası

Rüstəm Rəhimov 1960-cı illərin əvvəllərində "Neftyanik" klubunun hazırlıq qrupuna yazılmış, 1964-cü ildə isə artıq Azərbaycanın gənclərdən ibarət komandasının kapitanı seçilmişdir.[5] 1966-cı ildə həmin klubda əvəzedici heyətdə debüt edən Rəhimov daha sonra futbolçu karyerasına bir il ərzində "Dinamo Mahaçqala" komandasında davam etmişdir. Məşqçi Əhməd Ələsgərovun dəvəti ilə 1971-ci ildə növbəti iki il Tacikistanın "Pamir Düşənbə" klubunun formasını geyinmişdir. Sonralar "Dinamo Kirovabad" komandasının şərəfini qorumuş, elə burda da 1975-ci ildə futbolçu karyerasını bitirmiş, ardınca da Bakı Bədən Tərbiyəsi Texnikumunda işləməyə başlamışdır.[5]

Hakimlik karyerası

Hakimlik fəaliyyətinə FİFA arbitri Eldar Əzimzadənin təkidi ilə 1977–1978-ci illərdə ikinci dəstənin oyunlarını idarə etməklə başlamış Rüstəm Rəhimov sonralar Sovet İttifaqında məşhur derbiləri, o cümlədən Lujniki stadionunda Dinamo Kiyev FKSpartak Moskva FK arasındakı oyunu idarə etmişdir.[4] Rusiya SFSR-in klublarından ən çox Torpedo Moskva FK-nın oyunlarında ədaləti qorumuş Rəhimov üç dəfə — 1987-ci, 1990-cı və 1991-ci illərdə SSRİ-nin 10 ən yaxşı hakimi siyahısına daxil edilmişdir. SSRİ birinciliyi və kubok oyunlarında 120-dən çox oyuna təyinat alan hakim gümüş və qızıl medallara layiq görülmüşdür. 1993-cü ildə Azərbaycanla Gürcüstan arasında baş tutmuş və Azərbaycan millisinin qələbəsi ilə başa çatmış, Gəncə şəhər stadionunda keçirilmiş yoldaşlıq oyununu da idarə etmişdir.[6]

Rüstəm Rəhimovun peşəkar hakimlik karyerasında sonuncu dəfə idarə etdiyi oyun 1994-cü ildə Neftçi Fərqanə FKSpartak Moskva FK arasında baş tutmuş və sonuncunun qələbəsi ilə başa çatmış Birlik kubokunun final oyunu olmuşdur.[7] Həmin vaxtdan etibarən yalnız veteranların oyununu idarə edən Rəhimov sonuncu dəfə 2013-cü ildə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Azərbaycanın və Avropanın veteranlardan ibarət komandalarının görüşündə ədaləti qorumuşdur.[5]

Rəhimov hakimliyi bitirdikdən sonra da futbol üzrə fəaliyyətini davam etdirmiş, Azərbaycanın uşaq və gənclər futbol komandalarında məşqçi və Alman-Azərbaycan Cəmiyyətində idman işləri üzrə koordinator kimi çalışmışdır.[4] 2004-cü ildə UEFA-nın təsis olunmasının 50 illik yubileyi münasibətilə Azərbaycanın "Ən yaxşı hakimi", 2010-cu ildə isə Azərbaycan Milli Olimpiya Komitəsinin "Ən ədalətli hakimi" mükafatlarına layiq görülmüşdür.[5]

FİFA-nın hakimi Tofiq Bəhramova həsr olunmuş "Hakim mərkəzi göstərir" filmində çəkilmişdir.

Rüstəm Rəhimov 2023-cü ildən Azərbaycanın nəzarətinə qayıtmış Xankəndi şəhər stadionuna baxış keçirilməsində yaxından iştirak etmişdir.[8]

İstinadlar