İnternetdə heç kim sizin it olduğunuzu bilmir

İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəlinternet memi.[1][2] Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir.[3] Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi.[1][4][5][6][7][8] Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır.[7][8]

Piter Ştaynerin "The New Yorker"də dərc olunmuş karikaturası.

Tarixi

Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner[6] 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir.[1]

6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır.[7][8]

Konteksti

Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi. "Lotus Software"in qurucusu və erkən internet aktivisti Mitç Keypor 1993-cü ildə "Time" jurnalındakı məqaləsində qeyd etmişdir ki, "populyar marağın kritik kütləyə çatmasının əsl əlaməti bu yay 'The New Yorker'in kompüterdən istifadə edən iki iti əks etdirən karikaturanı çap etməsi ilə ortaya çıxmışdır".[9]

"The New Yorker"də karikatura redaktoru kimi fəaliyyət göstərən Bob Mankova görə, bu "karikatura html dilinin ibtidai biliyinə malik olan hər kəs tərəfindən atıla biləcək sadə fasadla bağlı ehtiyatlılığımızla rezonans doğurmuşdur".[10]

Nəticələri

Karikatura fərdin internetdə mövcudluğunun populyar qərəzlərdən azad edilməsini simvollaşdırır. Sosioloq Şerry Terkl izah vermişdir: "Siz kim olmaq istəyirsinizsə ola bilərsiniz. İstəsəniz, özünüzü tamamilə yenidən təyin edə bilərsiniz. Başqalarının sizi qoyduğu yarıqlardan o qədər də narahat olmaq lazım deyil. Onlar bədəninizə baxıb fərziyyələr irəli sürmürlər. Onlar sizin ləhcənizə qulaq asıb fərziyyələr irəli sürmürlər. Gördükləri tək şey sözlərdir".[11] Ştaynerin sözlərinə görə, bu, onun paylaşdığı bir fikir idi.[7]

Karikatura anonimlik maskası altında mesaj göndərmək, onları qəbul etmək və ya veb-sayt yaratmaq və saxlamaq qabiliyyətini nəzərdə tutan internet məxfiliyi anlayışını çatdırır. Lourens Lessiq demişdir ki, "heç kim bilmir", çünki internet protokolları heç bir istifadəçinin öz şəxsiyyətini təsdiqləməsini tələb etmir. Məsələn, bir universitetdə lokal giriş nöqtəsi şəxsiyyətin təsdiqini tələb edə bilsə də, bu, ona oxşar məlumatları xarici internet əməliyyatlarına daxil etmədən gizli saxlayır.[12]

2014-cü ildə ABŞ Hərbi Hava Qüvvələri tərəfindən dərc olunan kompüterə baxan it fotoşəkili.

2000-ci ildə Morahan-Martin və Şumaxer tərəfindən internetdən məcburi və ya narahatlıq törədən formada istifadə ilə bağlı araşdırma bu fenomeni müzakirə etmişdir. Burada kompüter ekranının maskası arxasında özünü təmsil etmək qabiliyyətinin onlayn məkanda aktiv olmaq məcburiyyətinin bir hissəsi ola biləcəyi göstərilmişdir.[13] Bu ifadə "gender, irq, yaş, görünüş və ya hətta 'köpəkliy'in potensial olaraq mövcud olmadığı və ya alternativ olaraq həm qanuni, həm də qeyri-qanuni bir çox məqsədlər üçün yoxlanılmamış yaradıcı lisenziya ilə uydurulmuş və ya şişirdildiyi üçün kiberməkanın azad olacağı mənasını vermək üçün qəbul edilə bilər". Bu, "Usenet" tarixinin əsas simalarından biri olan Con Gilmorun 1996-cı ildə verdiyi açıqlamaları əks etdirən bir anlayışdır.[14] İfadə həmçinin, kompüter krossdressinq fəaliyyətinin, özünü fərqli genderdə, yaşda, irqdə; sosial, mədəni və ya iqtisadi sinifdə və s. kimi təqdim etməyin asanlığını göstərir. Bənzər mənada "itin istifadə etmək üçün seçdiyi azadlıq imtiyazlı qrupun bir hissəsi kimi 'keçmə' azadlığıdır; yəni, insan kompüter istifadəçilərinin internetə çıxışıdır".[15][16]

Populyar mədəniyyətdə

  • Karikatura Alan Devid Perkinsin "Heç kim mənim it olduğumu bilmir" tamaşasına ilham vermişdir. Tamaşanın süjet xətti həyatlarında insanlarla effektiv kommunikasiya qura bilməyən, buna baxmayaraq internetdə anonim ünsiyyət qurmağa cəsarət tapan altı fərd ətrafında cəmlənir.[1]
  • "Apple"ın internet dəsti olan "Cyberdog" bu karikaturanın adını daşıyır.[17]
  • Kamran Hafizin 23 fevral 2015-ci il tarixində "The New Yorker"də dərc olunmuş karikaturasında oxşar cüt itlər sahibini kompüterin önündə oturan zaman seyr edir və onlardan biri digərindən soruşur: "Yadındadır ki, internetdə heç kim sənin kim olduğunu bilmirdi?"[18]
  • Bu karikatura internetlə bağlı müzakirələrdə tez-tez istifadə olunan bir ifadəyə çevrilmişdir.[19] Beləliklə, bu, internet mədəniyyəti üçün ikonik bir internet memə çevrilmişdir.[20]

İstinadlar

Əlavə ədəbiyyat