Elturan Avalov

Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqıAzərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Elturan Avalov
Doğum tarixi20 avqust 1940(1940-08-20) (83 yaş)
Doğum yeri
Fəaliyyətirəssam
Təhsili
Janrlarrəssamlıq, qrafika
MükafatlarıAzərbaycan Respublikasının əməkdar incəsənət xadimi

Həyatı və fəaliyyəti

Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini[1] və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib[2][3].

"Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib[4]. 1985-ci ildə Moskvada rəssamın Azərbaycanda professional musiqinin banisi Üzeyir Hacıbəylinin 100 illiyinə həsr olunmuş fərdi sərgisi keçirilib. Ekspozisiyada onun 100 qrafika əsəri nümayiş etdirilib[5]. 2003-cü ildə professor adı verilib. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Təsviri incəsənət" kafedrasının müdiridir[6]. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin, FECO-nun Azərbaycan qrupunun üzvüdür[7]. Bundan başqa o, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqının da üzvüdür[5].

Azərbaycanın memarlıq və incəsənət tarixinin problemlərinə dair 60-dan çox elmi kitabça və məqalə dərc etdirib, Bakı, Vilnüs, Daşkənd, Kiyev, Moskva, Kazan, RiqaStrasburqda onun 500-dən çox qrafika əsəri çap olunub[5].

Azərbaycan klassiklərinin əsərlərinə illüstrasiyalar, xalq mahnılarına qrotesk karikaturalar çəkib. Realistik üslubda işlədiyi "Hacı Murad", "Bəstəkar Fikrət Əmirov", "Sevil", "Neftçilər" portretləri də əsərləri arasında xüsusi seçilir. Bundan başqa Üzeyir Hacıbəylinin "Arşın mal alan" və "O olmasın, bu olsun" operettalarına da rəsmlər çəkib[8].

2020-ci il oktyabrın 12-də Şuşa qalasının 270 illiyi münasibətilə Mədəniyyət NazirliyiAzərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Elturan Avalovun Şuşa ilə bağlı çəkdiyi qrafik silsilənin virtual sərgisi açılıb.[9][8].

Kitabları

  • "Şuşanın memarlığı" (1977)
  • "Memarın gözü ilə" (1978)
  • "Elturan" (1986)

Ailəsi

Atası Vəli Avalov məhsəti türküdür. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda dərs deyib[10].

Anası Məhbubə İsmayılova Azərbaycanın əməkdar mühəndisi olub[10].

İstinadlar

Xarici keçidlər