Sünik

Sünik və ya Sisakan (erm. Սյունիք, Սիսական) – Cənubi Qafqazda tarixi-coğrafi region. I Artaşesin hakimiyyəti dövründə (e.ə. 189 – 160) ermənilər tərəfindən ələ keçirilən Sünik albandilli tayfalar olan ərazi sayılırdı və b.e. 387-ci ilində Ermənistanın BizansSasanilər arasında bölünməsinə kimi Ermənistan krallığının işğal etdiyi doqquzuncu vilayətini təşkil etmiş,[2][3] 387-ci ildən sonra Sasanilərin tərkibində gah Qafqaz Albaniyasından,[4] gah da Atropatenadan[5] asılı olmuşdur. “VII əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət olmuşdur. Sünikin cənubu mənbələrdə həm də Zəngəzur kimi qeyd edilir.[6]

Tarixi Ermənistan/Azərbaycan əraziləri
Sünik
Ümumi məlumatlar
ÖlkəSünik knyazlığı
İnzibati mərkəzTatev
İndiki adıSyunik
ƏhalisiAntik dövr: sünikliklər, sisaklar, albanlar, qarqarlar.
Orta əsrlər:azərbaycanlılar, ermənilər.
Müasir dövr: azərbaycanlılar, ermənilər.
Ən yeni dövr (1991-ci ildən sonra): ermənilər 141 771[1] (2011)
Xəritədə yeri
Sünik xəritədə
Sünik xəritədə
Sünik
Sünik

387-ci ilə kimi Ermənistan ordusuna başçılıq edən bdeşx-sərkərdə vəzifələrini Sünik knyazları daşımışlar. Mərzban Ermənistanı dövründə Sünik knyazları İberiyaya da nəzarət etmişlər.[7][8] Artıq VI əsr mənbələrində Sünikin nestorian mövqeyi tutan Ermənistandan siyasi və dini baxımdan ayrılması qeyd edilir.[9] Sasanilərin bilavasitə vassalı sayılan Sünik, həm də, siyasi baxımdan Mehranilərdən asılı olmuşdur.[10]

Albaniyanın böyük knyazı Cavanşir Sünik knyazının qızı ilə evlənərək, onların ailəsi ilə qohumluq münasibətləri yaratmışdı.[11] Ərəb Xəlifəsi I Muaviyə Süniki Cavanşirin tabeliyinə vermişdi.[12] IX əsrdə Arranda ərəblərdən asılı knyazlarlıqlar arasında Sünik knyazlığı da vardı. IX əsrdə ərəb sərkərdəsi Sevadın Sünikə basqını zamanı Sünik knyazı Vasak kömək məqsədilə Babəkə müraciət etdi. Babək ərəb qoşunlarını darmadağın etdikdən sonra Sünik knyazının qızı ilə evləndi.[13] 654-cü ildə Qafqaz Albaniyası, Ermənistan və İberiya ilə birlikdə Sünik də ərəblər tərəfindən işğal edilmişdir.

Kilsə-iyerarxiya münasibətlərinə gəlincə, alban katolikosları Sünik yepiskoplarını təyin etmək hüququna malik idi. Uzun müddət ərzində erməni katolikosları bu hüququ əldə etməyə çalışırdılar. 571-ci ildə erməni patriarxlığının parçalandığı vaxt Sünik ruhaniləri ermənilərdən imtina etdilər və əlqoymanı Qafqaz Albaniyasından qəbul etməyə başladılar. 660-cı ilə kimi Sünik konfessional (dini) baxımdan Ermənistandan tamamilə ayrı olmuş, yalnız həmin tarixdən sonra Sünik kilsəsi Erməni Qriqoryan Kilsəsinə tabe edilmişdir.[14] VII əsrin əvvəlində Erməni Qriqoryan Kilsəsi ilə kilsə-iyerarxik və doqmatik mübahisələrin gedişində Sünik öz kilsəsi üçün mitropolit rütbəsi almağa müvəffəq olmuşdu.[15]

Adı

Qafqazın bu ərazisi mənbələrdə iki adla xatırlanır: SisakanSünik. Fəridə Məmmədova Sünik adının Sisakandan daha erkən işlədildiyini qeyd edir.[16] Prokopo Kesari Sünikin “albanların qonşuluğunda” ölkə olduğunu qeyd edir.[17] “Sünik” adının fars dilinə uyğunlaşdırılmış variantı olan “Sisakan” ifadəsinə ilk dəfə VI əsr suriya müllifi Zaxari Ritorun əsərində təsadüf olunur. Bu müəllif Sisakanı "ArranQurzan təki Ermənistandan ayrı bir ölkə" kimi təsvir edir.[18] Erməni ədəbiyyatında da Sisakan adı Sünik adından sonra meydana çıxır.[19] Moisey Kalankatlı digər adlarla yanaşı “Sünestan” ifadəsini də işlədir.[20] Sünik adı mənbələrdə həm də etnik mənada, Qafqazın ən qədim sülalələrindən biri olan Sünik sülaləsinin adı kimi də işlədilir.[21] Gürcü mənbələrində Sünik, "Sivnieti",[22] ərəb mənbələrində "Sisəcan", Sünikin ən böyük vilayəti olan Vayots-Zor isə "Vayzur" adlandırılır.[23]

Etnik tərkibi

Kamilla Trever yazır ki: “Sünik, etnik, mədəni və siyasi baxımdan Ermənistandan daha çox Albaniyaya və Atropatenaya bağlı olmuşdur. Lakin görünür Sünik ilk alban qəbilə ittifaqına daxil olmamışdır." [24] H. Hubşman [25] və İ. Markvart [26] isə Süniki ümumiyyətlə alban vilayəti hesab edirlər.

VIII əsr müəllifi Stefan Sünikli yazır: “Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışırlar.” [27] R. Açaryan yazır:

“Erməni xalqının və erməni dilinin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Süniklinin və başqa erməni müəlliflərinin məlumatlarına əsaslanaraq demək olar ki, VIII əsrə qədər onlardan yalnız yeddisi qalmışdır. Bunlardan biri də Sünik dili idi.” [28]

Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi.[29] O, yazır:

“Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi. Oranın əhalisinin tayfa istisnalığı qonşu dağlıq ölkədən axıb gələn köçərilərin hesabına saxlanır və bərpa olunurdu.” [30]

Mənbələr bizim eranın I əsrində hakimiyyətə gəlmiş ilk alban hökmdarının da Sünikin hökmdar nəslindən olduğunu bildirir.[31][32] Həmin mənbələr göstərir ki, Parfiya şahı Valarşak Sisakan (Sünik) nəslindən olan Arranı Albaniyaya başçı təyin etdi. Elə həmin Valarşak da eramızın I əsrindən Dərbənd keçidini qorumaq məqsədiylə təşkil olunmuş şah ordusuna başçılıq etmək hüququnu Sünik sülaləsinə vermişdi.[33]

Tarixi coğrafiyası

Sünik Böyük Ermənistanın tərkibində.

Sünik böyük vilayət olmaqla Şərqi Ermənistanın böyük bir hissəsini əhatə etmişdir.[34][35][36] Qərbdən və Şimal-Qərbdən Ayrarat vilayətinin tərkibindəki, mərkəzi Dvin şəhəri olan[37] Vostan-Hayots havarı ilə, Cənubdan və Cənub-Şərqdən Vaspurakan vilayəti ilə, Şərqdən isə Qafqaz Albaniyasının Artsak vilayəti ilə həmsərhəd olmuşdur. Şərqdə Artsak və Sünik arasında sərhəddə Həkəri çayı axırdı,[37] Cənub-Qərbdə isə Sünik, Vaspurakan vilayətinin tərkibində olan Naxçıvanla sərhədlənir,[37] şimala doğru irəliləyən sərhəd Qeqarqunik[38][39] əyaləti ərazisindəki Qeqam gölünüAraks çayına kimi uzanan[34][37] Sotk[40] əyalətini də əhatə edirdi. Aşxaratsuytsa görə Sünik 12 havara bölünürdü:

“9. Ayraratdan şərqdə, AraksArtsak arasında yerləşən Sünik on iki havara bölünürdü: 1. Erancak, 2. Çaquk, 3. Vayots-Zor, 4. Gelakuni, 5. Sotk, 6. Aqexeçk, 7. Çqak, 8. Haband, 9. Balk, 10. Zork, 11. Arevik, 12. Kusakan. Bu vilayətdə mür, hereri (?) və nar yetişir. Orada çoxlu dağlıq ərazilər var.”[2]

Tarixi

Antik dövr

Əsas məqalə: Sünik (sülalə)

Moisey Xorenlinin[41][42] qeyd etdiyinə görə, Sünik/Sisakan adı ermənilərin əfsanəvi əcdadı sayılan Haykın nəslindən olan Sisakın adından əmələ gəlmişdir. Lakin M. Xorenlinin Haykla bağlı məlumatlarının yalnız əfsanə xarakteri daşıdığı qəbul edilmişdir.[43][44][45] Moisey Xorenli Sünik haqqında yazır:

Erməni dilinin şərq sərhəddində yerli tayfalardan olan Sisaklar və Kadmeanlardan hökmdar təyin edildi.”

Akademik N. Y. Marr "Sisakan" adının sak etnonimini əks etdirdiyini yazır.[46] Q. Qeybullayev sisakların sakların bir tayfası olduğunu qeyd edir. O yazır:

“Sisakan toponimi “Si” və “Sakan” (Balasakan toponimində olduğu kimi) hissələrindən ibarətdir. “Sakan” komponenti “Sak” etnoniminə və “-an” şəkilçisinə ayrılır. Ümumilikdə bu ad “Si sakları” anlamnı verir. Adın birinci komponenti olan “Si” adı isə F. M. Kirgizoğlunun da yazdığı kimi, Sünikdə hakimiyyətdə olmuş sülalənin adıdır. Qədim erməni mənbələrində Sisakan adından əvvəl Siuni adı işlədilir. Bu ad da “Si” etnonimindən və urartu dilindən erməni dilinə keçmiş tayfa adlarına əlavə olunan (Etiuni adında olduğu kimi) “-uni” şəkilçisindən ibarətdir.” [47]

E.ə. VIII əsrdən etibarən sisaklar Urartu ilə müntəzəm əlaqədə olurdular. E.ə. 782-ci ildə I Argiştinin hakimiyyəti dövründə Göyçə gölünün Şimal-Qərbinə kimi olan ərazilər Urartu dövlətinin tərkibinə qatılmışdı. II Sardurinin dövründə isə Göyçə gölünün Qərb sahilinə kimi olan bütün ərazilər Urartu dövlətinin tərkibinə qatılmışdı. E.ə. VI – IV əsrlərdə isə Sünik Əhəmənilər imperiyasının 18-ci satraplığına daxil olmuşdu.

E.ə. 189-cu ildə I Artaşesin hakimiyyətə gəlməsindən sonra Sünik Böyük Ermənistanın tərkibinə qatılmış, əvvəlcə Artaşesidlər, sonra isə Erməni Arşakilərinin hakimiyyətinə tabe olmuşdur. Bir çox tədqiqatçılar I Artaşesin (e.ə. 189–160) Şərqə yürüşləri zamanı, Strabonun qeyd etdiyinə görə midiyalılardan (atropatenlilərdən) aldığı Favena vilayətinin Sünik vilayəti olduğunu qeyd edirlər. Əgər bu belədirsə, e.ə. II əsrdə Böyük Ermənistanın süqutu zamanı Sünik yenidən Atropatenanın tərkibinə qayıtmışdır.

B.e.-nın I əsrindən etibarən Sünikdə xristianlıq yayılmağa başlayır. Sünikdə xristianlığın yayılması həvari Müqəddəs Varfolomeyin adı ilə bağlıdır. XIII əsrdə yaşamış Sünik tarixçisi Stepannos Orbeli yazır:

“Hər şeydən əvvəl qeyd etmək vacib və faydalıdır ki, biz süniklilər Tanrını Ermənistan əhalisindən əvvəl tanımışıq və müqəddəs həvari Varfolomey vasitəsi ilə müqəddəs İncilin təlimlərinə itaət etmişik. Varfolomey İrandan qayıdarkən Atrpatakandan keçdi, şagirdləriylə birgə Araks çayını adlayaraq, Sisakan hüdudlarına daxil oldu və Arevik vilayətinin Ordubad kəndində, Baqk və Qoxtn mülklərində moizə elədi. Bu mülklərin camaatı çəlləkdə xaç suyuna çəkilib, müqəddəs həvari Varfolomeyin vasitəsiylə xristianlığı qəbul etdilər. Müqəddəs həvari isə Qoxtnda kilsə tikdirdi...Müqəddəs həvari oradan çıxıb Ermənistanın paytaxtı Dvin şəhərinə gəldi”
Stepannos Orbeli – Sünik vilayətinin tarixi, V fəsil.
Artaşesin sınır daşları.

Sünik ərazisində Artaşesin sınır daşları aşkar edilmişdir.[48][49] III əsrdən etibarən etibarən Sünikdə Sünik sülaləsi hakimiyyətdə olmuşdur.[50] Sünik knyazları da, erməni zadəgan sülalələrinin başçıları ilə birgə əlqoyma üçün Qeysəriyyəyə gedən Maarifçi Qriqorini müşayət etmişdilər.[51] Dövlət hərbi reyesteri olan Zoronamaka əsasən Sünik vilayəti müharibə zamanı 19 400 atlı (başqa bir mənbəyə görə 9400 atlı[52]) çıxara bilirdi, Qaxanamaka görə isə Sünik knyazları hökmdar sarayında əyanlar arasında birinci yeri tuturdu.[53]

387-ci ildə Ermənistanın BizansSasanilər arasında bölünməsindən sonra Sünik Sasanilər dövlətinin tərkibinə qatılmışdır.[54] 390-cı illərdə Mesrop Maştots şərqə səfəri zamanı Sünikdə maarifləndirmə işləri ilə məşğul olmuşdur.[55] 406-cı ildə erməni əlifbasının yaradılmasından sonra knyazlar Vaqinak və Vasakın köməkliyi ilə Sünikdə yeni əlifbanın tədris edildiyi məktəb açılmışdır.[56] Koryun bu haqqda yazır:

“Bundan sonra o, [Qoltnla] sərhəd olan Sünakan vilayətinə getdi. Orada onu Tanrı sevgisinə tabe olmuş Vaqinak adlı Sünik işxanı qəbul etdi. O, (Maştots) Sünikin hər yerinə səyahət etməmiş qarşısına qoyduğu məqsədin həyata keçirilməsi üçün ondan böyük kömək aldı.”
Koryun – Maştotsun həyatı[57].

Bu haqqda Sünik tarixçisi Stepannos Orbeli yazır:

“O, Sünik ölkəsində məktəblər açdı...və erməni əlifbasını insanlara öyrətməyə başladı.”
Stepannos Orbeli – Sünik vilayətinin tarixi[58].

428-ci ildə Sasanilərin Erməni Arşakilərini tamamilə hakimiyyətdən uzaqlaşdırmasından sonra Sünik yeni yaradılmış və Sasanilərin təyin etdiyi nümayəndə tərəfindən idarə olunan Erməni mərzbanlığının tərkibinə daxil oldu. 440-cı illərdən Sünik knyazı Vasak Süni Erməni mərzbanlığına mərzban təyin edildi. Elə həmin dövrdə, Sünik knyazlarına Dərbənd keçidinin mühafizəsi üçün yaradılmış yeni şah ordusuna rəhbərlik etmək hüququ da verildi. Bu faktlar Sünik hökmdar sülaləsinin Sasani sarayındakı nüfuzundan xəbər verir.

Orta əsrlər

Albaniya və qonşu ölkələr (VI əsr — VIII əsrin əvvəlləri) — Təerib edəni: İ.S.Süleymanov

VI–IX əsrlər

571-ci ildə knyaz Vaan Süninin təşəbbüsü ilə Sünik Ermənistandan ayrılaraq ayrıca şəhr kimi Atropatenaya birləşdirildi. Vaan Süni Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakarana köçürsün, onların şəhərlərini Atropatenanın sərhədləri hüduduna daxil etsin.[59] Orta əsr erməni tarixçisi Sebeos bu haqqda yazır:

Sünik hakimi üsyan edərək ermənilərdən ayrıldı. Sasani şahı Xosrovdan xahiş elədi ki, Sünik torpağının arxivlərini Dvin şəhərindən Paytakaran köçürsün, onların şəhərlərini Atropatenanın sərhəddləri hüduduna daxil etsin və onların üstündən erməni adı götürülsün. Əmr yerinə yetirildi.”
Sebeos - Çar İraklinin tarixi[60].

640-cı ildə bütün Cənubi Qafqaz ərəblər tərəfindən işğal edilir. Sünik ərəblərin yaratdığı inzibati bölgü olan dörd Ərməniyyədən birincisinin tərkibinə daxil edilir. İbn Xordadbeh (IX əsr) bu haqqda yazır:

“Birinci Ərməniyyə: əs-Sisəcan, Arran, Tiflis, Bərdə, Beyləqan, Qəbələ, Şirvan; İkinci Ərməniyyə: Curzan, Suğdəbil, Bab Feyruz Qubad, əl-Ləkz; Üçüncü Ərməniyyə: Bəsfuracan, Təbil, Sirac, Bağravand, Nəşavə; Dördüncü Ərməniyyə: Şimşat, Hilat, Qaliqala, Ərçiş, Bacuneys. Arran, Curzan, əs-Sisəcan vilayətləri xəzərlərin, Dəbil, Nəşavə, Sirac, Bağravand, Hilat, Bacuneys rumların ölkəsindədir.” [61]

821-ci ildə ərəb qüvvələri Sünikin böyük bir hissəsini idarə edən Vasak Süniyə qarşı yürüş təşkil etdilər. Lakin, Xürrəmilər hərəkatının rəhbəri Babəkin köməkliyi ilə süniklilər öz torpaqlarını ərəblərdən azad edə bildilər. Lakin bu dəfə də Sünik hakimi Babəkdən asılı vəziyyətə düşdü. Babəkə qarşı müharibənin aparıldığı dövrdə o, yürüş edərək Göyçə gölü sahilində yerləşən Balk və Qeqrqunik havarlarını taladı.[62] Vasak Süninin ölümündən sonra, onun böyük oğlu Filipe mərkəzi Süniki, kiçik oğlu Saak Süni isə Göyçə gölü ətrafındakı əraziləri idarə edərək Sünik sülaləsinin Qeqarqunik haykazunları (hakimləri) olan qolunun əsasını qoymuşdur.

Sisəvan kilsəsi, VII əsr[63], Qarakilsə.

831–832-ci illərdə Sünik Xalid ibn Yezidə qarşı təşkil olunmuş üsyanda iştirak etmişdi. 853-cü ildə Sünik ərəb sərkərdəsi Buğa əl-Kəbirin yürüşünə məruz qalır, Vasak İşxanikAşot Süni isə həbs edilərək Samirəyə göndərilir.[64] Vasak İşxanikin Sünikə dönməsinə kimi ölkə Sünik sülaləsindən olan Qeqarqunik hakimi[39] Vasak Qabur tərəfindən[65] idarə olunmuşdur:

“Bu zaman işxanlar işxanı Aşot, Qabur ləqəbi ilə tanınan Vasak Haykazunu Sünikdə işxan kimi tanıdı və o, Sisakanın hər yerində hökmdarlıq etdi.”
Hovannes Drasxanakertçi – Ermənistan tarixi[66].

886-cı ildə yəhudi mənşəli[67] Baqratuni sülaləsinin Ani çarlığını qurmasından sonra, Sünik knyazlığı bu dövlətdən asılı vəziyyətə düşmüşdür.[68]. Bu zaman Sünik knyazı Vasak İşxanik idi və o, I Aşotdan vassal asılılığını qəbul etməyə məcbur olmuşdu. Hovannes Drasxanakertçi bu haqqda yazır:

“Əzizləmə anlamında İşxanik adlandırılan Sünikin böyük işxanı Vasak müqavimət göstərmədən, səbrlə işxanlar işxanı Aşota tabe oldu, onun məsləhətlərini dinlədi, sözlərini qəbul etdi və qanun kimi ürəyində saxladı.”
Hovannes Drasxanakertçi – Ermənistan tarixi[66]

Bizans imperatoru VII Konstantinin göndərdiyi rəsmi məktubda ünvan olaraq "Ermənistanda – Sünik knyazına və Ermənistanda Vayots-Zor knyazına"[69] yazılmışdı.

X–XII əsrlər

Tatev monastırı — əsası 906-cı ildə Sünik hakimi Aşot Süni və onun arvadı Şuşanik tərəfindən qoyulub. Monastırın inşasına Sünik sülaləsindən olan Qeqarqunik hakimi II Qriqor Supan da kömək edib.[70]

X əsrin əvvəllərindən Sünik knyazları Naxçıvan üzərində hakimiyyətlərini bərpa etmək üçün mübarizəyə başlayırlar və bu da 903-cü ildə Ani knyazı I Smbat ilə münasibətləri kəskinləşdirir. Beləcə, 904-cü ildə I Smbat Naxçıvanı Sünik knyazlarına güzəştə getməyə məcbur olur.[71] 909-cu ildə Azərbaycan hakimi olan Sacilər sülaləsindən Yusif ibn Əbu Sac Sünikə yürüş edir və Ərincak əyaləti ələ keçirilir. X əsrdə İstəxri yazır ki, Sisəcan Bərdədən Dəbilə gedən yolun üstündə, Ərməniyyədə[72] yerləşir və ora "Aşotun oğlu Snbatın hakimiyyətinə tabedir."[72] X əsrin əvvəlində Sünik Aşotun oğlanları arasında iki yerə bölünür və iki knyazlıq yaranır.[73] Knyaz Smbata Qərbi Sünik və Şaaponk ərazisi, onun qardaşına isə Balk və Həkəri çayı sahili çatır.[74] X əsrin 70–80-ci illərindən etibarən Sünikin siyasi mərkəzi Balk əyalətinə keçir. 987-ci ildə Ani çarlığının vassallığından imtina edən I Smbat Süniki müstəqil knyazlıq elan edir.[23] Stepannos Orbeli yazır:

“Sünik sülaləsindən olan böyük ər erməni Smbatın başına tac qoyaraq onu taxta gətirdilər.”

Lakin bir il sonra, yəni 988-ci ildə[76] Əbülhicanın ölümüdən sonra[77] Azərbaycan feodal dövlətləri zəifləmiş və I Smbat erməni Ani çarlığından vassal asılılığını qəbul etməyə məcbur olmuşdu.[78] Bundan sonra Ani çarlığı Səlcuqlular tərəfindən süqut etdirilənə kimi Sünik və onun knyazları ermənilərin bütün hərbi və siyasi fəaliyyətində (974[79], 988[76], 1003, 1040[80]) iştirak etməyə məcbur olmuş,[81] vassallıq münasibətlərinə sadiq qalmışdır.[82] 991-992-ci illərdə I Qagikin faəliyyəti nəticəsində Ani çarlığı daha güclənmiş, Sünikin ətrafındakı ərazilər olan Vayots-Zor [83] və digər əyalətlər Ani çarlığına tabe edilmişdir. Stepannos Taronatsi 1003-cü ildə yazır:

989-cu ilin qışında, çar Smbatın ölümü günü onun qardaşı Qagikin tacqoyma mərasimi keçirildi. O, bir çox qalaların hökmdarı oldu, ətrafdakı Vayots-Zor, Xaçın və Parisos əraziləri də ona tabe edildi...”
Stepannos Taronatsi – Ümumi tarix[84].

XI əsrin I yarısında VasakII Smbatın hakimiyyəti dövründə Sünik çiçəklənmə və iqtisadi inkişaf dövrünü yaşayır.[81] 1045-ci ildə Ani çarlığının Səlcuqlular tərəfindən məhv edilməsindən sonra Sünik knyazlığı yenidən müstəqillik əldə edir. XI əsrin ortalarında Alp Arslanın yürüşləri zamanı Sünik müqavimət göstərmədən səlcuqlulara tabe olur.[85][86] Sünik sülaləsinin varisi olmayan[Qeyd 1] sonuncu hökmdarı I Qriqorun ölümündən sonra, 1072-ci ildə [87] Sultan Məlikşah[88][89] Sənəkərimi Sünik knyazı təyin edir. 1103-cü ildə Çortmanın rəhbərliyi ilə yürüş edən səlcuqlular Sünikin mərkəzi olan Qafanı ələ keçirirlər. 1104-cü ildə Urud, bir il sonra isə sonuncu ərazi olan Bqen səlcuqluların əlinə keçir. 1120-ci illərin sonunda Qafan və Arevik havarı Əmir Harunun orduları tərəfindən dağıdılır. Səlcuqluların yürüşlərindən əvvəl Sünikdə 1000 kənd olduğu bildirilsə də, XIII əsrin sonlarında bu rəqəm 677-yə[90] düşmüşdü (başqa bir məlumata görə yürüçlərdən əvvəl 1400 kənd olmuş, XI əsrin sonu-XIII əsrin əvvəllərində isə bu rəqəm 682 idi[91]). 1166-1169-cu ildə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz Qrham, Qexi, Kakavaberd və Kknoç qalalarını öz hakimiyyətinə tabe edir. 1170-ci ildə Şəki qalası da tabe edilir və bununla da Sünik knyazlığına son qoyulur.[92]

XIII-XVI əsrlər

1211-ci ildə Zaxar və İvane Zaxarelər hücum edərək Süniki Atabəylərin təsirindən xilas edirlər.[93][94] Sünik tarixçisi Stepannos Orbeli bu haqqda yazır: “Onlar böyük gücləri ilə hucum edərək Ermənistanı farsların hakimiyyətindən azad etdilər...660-cı ildə (1211) Sünik, Vorotn və Bxen azad edildi.”[95] Kirakos Gəncəli isə bildirir:

“...onlar böyük ordu ilə hərəkətə keçdilər: dəniz ətrafında yerləşən havarlar Qeqarkuni, Taşir, Ayrarat, şəhərlər Bicni, Dvin, Anberd, Ani, Qars, Vayotszor, Sünik əyaləti və ona tabe olan qalaları və şəhərləri müsəlmanlar və farsların hökmdarlıq etdiyi bir çox erməni əyalətini döyüşərək azad etdilər.”
Əliqum Orbelinin Amağu monastırında yerləşən məzarı.

Azad edilən Sünikdə Zaxarilərin vassalı olan[97] iki knyaz sülaləsi Orbelilər və Xaxbakyanlar[94] idarəçiliyə başlamışlar. Sünik sülaləsi olan Orbelilərin əsasını Əliqum oğlu Liparit qoymuşdur, əslən Xaçından olan Xaxbakyanlar sülaləsinin əsasını isə Vasak qoymuşdur.[98] Ərazidə hakimiyyətini gücləndirən[34] Orbelilər bir müddət sonra mədəni inkişafa ciddi təkan vermişlər.[99] Xaxbakyanlar əsasən Qeqarqunikdə (Göyçə gölünün Cənub-Qərbi) və Vayots-zorda hökm sürmüş, siyasi mərkəzləri isə Başkənd kəndi olmuşdur.[100][101] Azərbaycanın monqollar tərəfindən fəth edilməsindən sonra, 1230-cu ildə hər iki sülalə monqol ağalığını qəbul etməli olur. Smbat Orbeli monqol sarayından incu hüququ almağa nail olur.[102][103][81] Bu hüquq sonradan Hülakü xanın və digər elxanların da hakimiyyəti zamanı saxlanılır.[104] Alınmış bu idarəçilik hüququ nəticəsində bölgədə yaranmış sakitlik Sünikdə böyük iqtisadi və mədəni inkişafın baş verməsinə şərait yaratmışdı.[104][105] Həmin dövrdə, Sünikdə, öz dövrünün qabaqcıl xristian təhsil mərkəzi olan Qladzor universiteti fəaliyyətə başlamışdır.[106] Smbat Orbelinin idarə etdiyi ərazi Naxçıvana[34] qədər çatırdı, knyaz sülaləsinin kiçik qolu isə Göyçə gölü ətrafı əraziləri idarə edirdi.[34]

1250-ci ildə Sünikdə kəndli hərəkatı baş verir.[91] Tarsaiç Orbelinin (1273—1290) hakimiyyəti dövründə Sünikin ərazi birliyi təmin edilir, Vayots-Zor və Qeqarkunik də Sünikə birləşdirlir.[107] Əliqum Orbelinin (1290—1300) hakimiyyəti dövründə Sünikdə sülh bərqərar olur.[108] Onun varisi knyaz Burtelin qırx illik (təxm. 1300—1344) hakimiyyəti dövründə mədəni mühit daha da inkişaf etmişdi.[109]

Amağu monastırı, 1205-ci il

1380-ci ildə Qızıl Orda hökmdarı Toxtamış xan Azərbaycana yürüşü zamanı Süniki də tutmuş[110], bir neçə il sonra, 1387-ci ildə isə Əmir Teymurun yürüşlərinə məruz qalmışdı.[110] Bununla belə, XIV əsrinn sonu – XV əsrin əvvəllərinə kimi Sünikin knyaz sülalələri öz rütbələrini qoruya bilmişdi.[111] Orbelilər və Xaxbaxyanların hakim statusunu saxlaması, XIII-XIV əsrlərdə Sünikdə xristian mədəniyyətinin (qriqoryanlığın ciddi təsiri altında) inkişafına təkan vermişdir.[112] Azərbaycanı ələ keçirən Teymurilər də Orbelilər və Xaxbaxyanların hökmdar statusunu saxlamışdı.[113] 1403-cü ildə Sünikin iki knyazı Smbat və Burtel Orbelilər Teymurilər tərəfindən həbs edilərək Səmərqəndə göndərilmiş, daha sonra isə azad edilərək yenidən vəzifələrinə təyin etmişlər.[114] Azərbaycanda Qaraqoyunlular dövləti qurulduqdan sonra, 1410-cu ildə Qara Yusif Smbat Orbelinin hakim statusunu ləğv etmişdir. Knyaz Smbat Orbeli, oğlanları İvane, Beşken və Şahla birgə, Orbelilərin digər qolunun yaşadığı və knyaz statusuna malik olduğu Gürcüstana üz tutmuşdur. 1417-ci ildə İvane və Beşken yenidən Sünik ərazisinə hakim təyin edilirlər. Beşkenin oğlu Rüstəm Qara İsgəndərin sarayında xidmət edir və Orbelilərin Sünikdəki hüququnu bərpa etdirməyə nail olur. 1453-cü ildə Sultan Şahruxun Azərbaycana üçüncü yürüşündən sonra, Başken təbəələri ilə birgə Azərbaycanı tərk edərək Gürcüstana köçür, burada Baqratuni sülaləsindən olan gücü çarı I Böyük Aleksandr onu Loru hakimi təyin edir.[115][116][Qeyd 2] XV əsrin ortalarında, hakimiyyətə gələn Qaraqoyunlu şahı Cahanşah Həqiqi Orbelilərin Sünik və Vayots-Zor üzərində hüququnu tanıyır. Daha sonra isə Sünik Azərbaycanda Qaraqoyunlulardan sonra hakimiyyətə gəlmiş Ağqoyunlu sülaləsinə tabe olur.[117]

1500-cü ildə Şamlı, Rumlu tayfaları, habelə Qaradağ və Talış ərazisindən ona qoşulmuş 2.000-ə yaxın qızılbaşla birgə Ərdəbildən Qarabağa gələn Şah İsmayıl Xətai Çuxursəd vilayətinə keçir, Çuxursəddən Şörəyelə, oradan isə Kağızmana gedir.[118] 1501-ci ildə Şah İsmayılın Təbrizdə Səfəvilər dövlətinin qurulmasını elan etməsindən sonra, Sünik yeni yaradılmış Qarabağ (Gəncə) bəylərbəyliyinin tərkibinə daxil olur.[119] Səfəvi-Osmanlı müharibələri başlayandan sonra, döyüşlərin müxtəlif mərhələlərində bağlanmış sülh müqavilələrinə əsasən Sünik gah Osmanlı, gah da Səfəvi imperiyalarının tərkibinə daxil olmuşdur. 1555-ci il Amasya sülh müqaviləsinə əsasən Sünik Səfəvilərin ərazisinə daxil olur, 1590-cı il İstanbul müqaviləsinə görə isə Osmanlı imperiyasının tərkibinə qatılır. 1639-cu ildə bağlanmış Qəsri-Şirin sülh müqaviləsinə əsasən Sünik ərazisi yenidən Səfəvi dövlərinin tərkibinə qatılır. Bir neçə əsr ərzində müsəlman dövlətlərinin tərkibində olmasına baxmayaraq, Sünikdə xristian ənənələri məlikliklərin simasında saxlanılmağa davam edirdi.[120] Onlardan ən güclüləri Qeqarqunikdən Məlik Şahnəzər, Kaşataqdan Məlik Aykaz, Anqexakotdan Məlik Səfraz idi.[121]

XVII-XVIII əsrlər

Sünik Səfəvilər imperiyasının tərkibində (1720-ci il)

XVII əsrin əvvəllərində Azərbaycan ərazisini işğal etmiş Osmanlılarla mübarizə şəraitində, Osmanlı ordusunun Azərbaycanda irəliləməsinin qarşısını almaq məqsədi ilə[122] I Şah Abbas Osmanlı ordusunun hərəkət istiqamətində bütün yaşayış məntəqələrinin boşaldılması, ərzaq və su ehtiyatının məhv edilməsi əmrini verdi. Boşaldılacaq ərazinin əhalisi isə İranın içərilərinə doğru köçürülməli idi. Beləcə Naxçıvan, Ordubad, Culfa, Xoy, Maku və başqa ərazilərdən xeyli əhali İrana köçürüldü, köçürülmüş əhalinin məskunlaşdığı ərazidə Yeni Culfa yaşayış məntəqəsi yaradıldı. Azərbaycan tarixində “Böyük sürgün” adı ilə məlum olan bu köçürülmə zamanı Sünik əhalisinin də bir hissəsi İrana köçməyə məcbur edilmişdi. XVII əsrdə Təbrizdə yaşamış erməni tarixçisi Arakel Davrijetsi I Şah Abbasın köçürmə siyasətinin “ermənilərin Ermənistandakı mövqeyinin zəiflədilməsi"nə hesablandığını yazır və qeyd edir:

“...o, firavan və münbit Ermənistanı boş [səhraya] çevirdi. Bu köçürülmə zamanı o, bir iki ərazidən yox, bir çox havardan, Naxçıvan sərhəddindən başlayaraq, Yexeqnadzora, Qeqam gölü sahillərinə Lori və Xamzaçiman havarları və Aparan...əhalisi Persiyaya qovuldu.”
Arakel Davrijetsi – Tarix kitabı.[123]
Üsyançı David bəyin Qafan şəhərində ucaldılmış müasir heykəli.

V. A. Şnirelman da bu fikri təkrar edir.[124]

XVII-XVIII əsrlərdə Sünikin cənubu olan Zəngəzur erməni dilli əhalinin üsyan mərkəzinə çevrilir.[36] Sünik məlikləri 1677-ci ildə keçirilmiş və ermənilərin azad edilməsi məqasədini qarşıya qoymuş Eçmiədzin toplantısında iştirak edirlər.[125] 1699-cu ildə Sünik məliyinin oğlu[126] İsrail Ori Anqexakotda, on bir məliyin iştirakı ilə[127] gizli görüş təşkil etdi və görüşdə ermənilərin azad edilməsinə kömək etmələri üçün Qərbi Avropa dövlətlərinə müraciət edilməsi qərara alındı.[127] Artıq 1700-cü illərdə o, Sünik və Qarabağ məliklərinin də iştirak etdiyi[128] milli azadlıq hərəkatını yaratmışdı.[129]

1720-ci ildə Sünikdə Səfəvi hakimiyyətinə qarşı üsyan başladı.[130][131] Üsyana rəhbərlik edən David bəy[132][133] Sünikin cənubunu, o cümlədən Qafan şəhərini tutur. Bir müddət sonra üsyan Naxçıvan əyalətinə də yayıldı və bəzi zamanlarda David bəy Aqulis kəndini də ələ keçirdi.[130] Eyni zamanda o, 1725-1727-ci illərdə Sünik Çuxursəd ərazisini işğal etməyə çalışan Osmanlı qüvvələrinə qarşı mübarizə aparırdı.[134] Bu mübarizədə, 1727-ci ildə Qladzor yaxınlığındakı döyüşdə əldə edilmiş qələbə mühüm rol oynamışdı.[135] Elə həmin il Səfəvilər David bəyin bölgədə mülkiyyət hüququnu tanımışdılar.[134][135] Bir müddət sonra üsyançılar arasında parçalanma baş verir, Ter-Avetisin rəhbərliyi ilə bir qrup osmanlılarla danışığa başlayır və nəticədə Alidzor qalası osmanlılara təslim edilir.[130] 1728-ci ildə David bəyin ölümündən sonra üsyançılara rəhbərlik edən[136] Mixitar Sparapet Ordubad şəhərini də ələ keçirə bilir.[130] 1730-cu ildə üsyanın bütün rəhbərləri öldürülür və səkkiz il davam edən Sünik üsyanı başa çatır.[130] 1736-cı ildə hakimiyyətə gələn Nadir şah Sünik və Qarabağ məliklərinin yarımmüstəqil hakimiyyətini tanıyır.[137]

XVII-XVIII əsrlərdə Sünik ərazisi müxtəlif ərazi-inzibati vahidlərinin tərkibinə daxil olub: Göyçə gölü ətrafı ərazilər Çuxursəd bəylərbəyliyi tərkibinə daxil olmuşdur, Vayots-Zor, Çaxuk, Şaaponk və Ərincək ərazisi əvvəl Təbriz bəylərbəyliyinin, daha sonra isə Naxçıvan xanlığının tərkibndə olmuşdur; Çxuk, Aqaeçk və Haband əvvəlcə Qarabağ bəylərbəyliyinin, Zork, Balk və Arevik Təbriz bəylərbəyliyinin tərkibində olmuşdur. XVIII əsrin II yarısında Göyçə gölü sahilləri İrəvan xanlığının, Cənubi Sünik – Zəngəzur ərazisi isə Qarabağ xanlığının tərkibinə daxil olmuşdur.

Yeni dövr

Azərbaycan xanlıqları dövründə Sünik Naxçıvan, İrəvanQarabağ xanlıqlarının tərkibində olmuşdur.

Şimali Azərbaycana köçməsinə icazə verilməsi haqqında xüsusi bənd daxil edilmişdi. Həmin bənddə deyilir:

Azərbaycan nümayəndə heyəti tərəfindən Paris Sülh Konfransına təqdim olunmuş xəritə.
Ermənistan nümayəndə heyəti tərəfindən Paris Sülh Konfransına təqdim olunmuş xəritə.

1805-ci ildə Qarabağ xanlığı ilə Çar Rusiyası arasında Kürəkçay müqaviləsinin imzalanmasından sonra, xanlığın ərazisi, o cümlədən də, Zəngəzur Çar Rusiyasının tərkibinə qatıldı. 1813-cü ildə Gülüstan müqaviləsinin imzalanmasından sonra Göyçə gölü sahilindəki ərazilər də Çar Rusiyasının tərkibinə keçdi. 1826-1828-ci illər Rus-Qacar müharibəsinin yekunu olaraq Türkmənçay müqaviləsinin imzalanamsı ilə İrəvan xanlığının bütün ərazisi Çar Rusiyasının tərkibinə qatıldı. 1828-ci ildə Sünikin Qərb hissəsində (Qelakunik, Sotk, Vayots-Zor, Çaxuk, Şaaponk, Ərincək) Erməni vilayəti yaradıldı, Şərq hissəsi isə (Çxuk, Aqaxeçk, Haband, Zork, Balk, Arevik) isə Qarabağ vilayətinin tərkibində saxlanıldı.

“Şah həzrətləri öz dövlətinə sakitliyi qaytarmaq və öz təbəələrindən hazırkı müqavilə ilə bu qədər xoşbəxtliklə başa çatmış müharibədə törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir. Hansı dərəcəyə məxsus olmasından asılı olmayaraq, onlardan heç kəs öz hərəkətinə və ya müharibə ərzində və ya Rus ordusunun adı çəkilən vilayəti müvəqqəti tutduğu zaman davranışına görə təqibə, dini əqidəsinə görə təhqirə məruz qalmamalıdır. Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməz mülkə gəldikdə isə, onun satılması və ya onun haqqında özxoşuna sərəncam üçün beş illik müddət müəyyən edilir. Lakin bu bağışlanma qeyd olunan bir illik müddət başa çatanadək məhkəmə cəzası düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir.”

Bu müqavilədən sonra İranda yaşayan minlərlə erməni ailəsi Azərbaycana köçürüldü və əsasən keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisində, o cümlədən Sünikdə yerləşdirildi.[139][140][141][142][143][144][145]

1849-cu ildə İrəvan quberniyasının yaradılmasından sonra Sünik (Qelakunik, Sotk, Vayots-Zor, Çxuk, Şaaponk, Ərincək, Zork, Balk, Arevik və Kovsakanın bir hissəsi) bu quberniyanın tərkibinə daxil edildi. Çxuk, Haband və Kovsakanın digər hissəsi Şamaxı quberniyasının tərkibndə saxlanıldı. XIX əsrin sonu – XX əsrin əvvəllərində Zəngəzur dağlarının qərbi İrəvan Quberniyasının, Şərqi isə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibinə daxil edildi.

Azərbaycanlıların Sofulu, Dərzili, Saralı, Puşanlı, Qiqili, Xocamusalı və Baharlı tayfaları məhz zəngəzur ərazisində yaşayırdı.[146] Zəngəzurdakı zavodlarda 1288 nəfər çalışırdı ki, bunların da böyük bir hissəsi dağ-mədən işçiləri idi. Zəngəzurda 97 erməni kilsəsi və 9 monastır, 9-u sünni, 24-ü şiə olmaqla 33 məscid, 1 pravoslav kilsəsi vardı.

XX əsrin əvvəllərində erməni dəstələrinin fəaliyyəti nəticəsində Sünikdə yüzlərlə azərbaycanlı kəndi məhv edilmişdir.[147]

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması zamanı Zəngəzur ərazisi həmin dövlətin tərkibinə daxil olsa da, bölgədə sabitliyin təmin edilməsi çətin olmuş, 1918-1920-ci illərdə ərazi azərbaycanlılarla ermənilərin toqquşma meydanına çevrilmişdir. 1918-ci ildə Andranik Ozanyan tərəfindən həyata keçirilmiş dağıdıcı yürüşlər zamanı bölgənin müsəlman əhalisinin böyük bir hissəsi öldürülmüş, kəndləri dağıdılmışdır. 1918-ci ilin ortalarından etibarən Zəngəzur faktiki olaraq Andranik Ozanyanın nəzarəti altına keçir, o, mərkəzi Gorus olan Erməni Milli Sovetini qurur. 1919-cu ildə Zəngəzurun cənubu olan Qafan bölgəsində Qareqin Njde rəhbərliyə başlamış, Qarakilsə ərazisinin müdafiəsi isə Poqos Ter-Davtyana tapşırılmışdır.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il 30 oktyabrda xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlinski idi. Noyabrda Gorus yaxınlığında AXC ordusu ilə erməni silahlıları arasında baş verən döyüşdə Azərbaycan ordusunun məğlub edilməsindən sonra erməni silahlıları azərbaycanlıların yaşadığı kəndlər üzərinə daha böyük hücum dalğasını gerçəkləşdirməyə başladılar.

28 aprel 1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Zəngəzur ərazisi də bütün Azərbaycan ərazisi kimi rəsmən SSRİ-nin tərkibinə qatıldı. Lakin Njde və Ter-Davtyan sovet hakimiyyətinin qurulması ilə razılaşmayaraq, Qırmızı Orduya qarşı mübarizəyə başladılar, tezliklə Ter-Davtyan həlak oldu, Njde Zəngəzurdakı bütün erməni qüvvələrinə rəhbərliyi əlində cəmləşdirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.

Oktyabrın əvvəlində Zəngəzurda erməni kəndlilərinin də iştirakı ilə üsyan başlayır, noyabrın sonunda isə sovet ordusu tamamilə həmin ərazidən çıxarılır. Sparapet titulunu qəbul edən Njde Tatev monastırında “Sünik Muxtar Respublikası”nın qurulduğunu elan edir. 27 aprel 1921-ci ildə Njde Dağlıq Ermənistan Respublikasının qurulduğunu elan edir və özü həmin tanınmamış dövlətdə baş nazir, hərbi və xarici işlər naziri vəzifələrini tutur. 1 iyulda həmin dövlətin adı dəyişdirilərək Ermənistan Respublikası adlandırılır və birinci Ermənistan Respublikasının varisi olduğu elan edilir. Baş nazir olaraq Simon Vraçyan, hərbi naziri isə Njde elan olundu. Lakin 9 iyulda Sovet ordusu yenidən Zəngəzur üzərində nəzarəti bərpa edir, Njde və digər erməni silahlıları Azərbaycanı tərk edərək İrana qaçır.[148]

Müasir dövr

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında "mübahisəli ərazilər" elan olundu. 1920-ci il 29 noyabrda Ermənistnda (İrəvanda) sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il 30 noyabrda keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi.[149] Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən[150] 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. Sovet hakimiyyəti illərində bölgənin iqtisadiyyatı xeyli inkişaf etmişdi. Bu inkişaf metallurgiya sahəsində özünü daha qabarıq göstərirdi. Həmin dövrdə Qacaran şəhərində Zəngəzur mis-molibden kombinatı yaradılmışdı.

1991-ci ildə SSRİ-nin parçalanıb Ermənistanın müstəqillik əldə etməsindən sonra tarixi Sünik ərazisinin Ermənistanda qalan hissəsi 3 marza – Sünik, Vayots-Zor və Qeqarqunik marzlarına bölündü.

Mədəni həyat

Sünik Qafqazın ən qədim xristian mərkəzlərindən biridir. Burada xristianlıq Orta əsrlərdə Sünikin xristian əhalisinin erməniləşdirilməsindən sonra, Sünik orta əsr erməni mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilmişdi.[151] Burada xristianlıq b.e. I əsrində Müqəddəs Varfolomeyin təbliği nəticəsində yayılmağa başlamışdır. IV əsrin sonu-V əsrin əvvəllərində Mesrop Maştots burada erməni əlifbasının öyrədilməsi üçün məktəblər açdırmışdır.[55][57] V əsrdə Sünik xristian seminariyası (VIII əsrdə Sotk havarındakı Makenaç monastırında yerləşirdi) yaradılmışdır.[152]

Tatev miniatür məktəbi nümayəndəsi Qriqor Tatevatsinin 1378-ci ildə çəkdiyi bir miniatür.

Sünik həm də bir çox mədəniyyət xadiminin vətəni kimi məşhurdur. Burada V əsrdə himnoqraf-şair Stepanos Sünetsi (birinci), VI əsrdə Petros Sünetsi, VII əsrdə kitabçı Stepannos Sünetsi (ikinci) kimi şəxsiyyətlər yaşamışdır. 895-ci ildə Sünikin ruhani mərkəzi olan Tatevdə xristian məktəbi yaradılmışdır. XIII-XIV əsrlərdə sabit siyasi vəziyyət Sünikdə mədəni həyatın daha da inkişaf etməsinə şərait yaratmışdı. Məsələn, 1280-ci illər Burtel Orbelinin[109] idarə etdiyi Vayots-Zor havarındakı Qladzor universitetinin fəaliyyəti ilə məşhurdur.[112] Qladzor universiteti orta əsrlərdə Qriqoryan Kilsəsinin monofizit mədəniyyətinin[106] saxlandığı əsas monax məktəblərindən biri olmuşdur.[153] Burada “Sünik vilayətinin tarixi” əsərinin müəllifi olan sünikli tarixçi Stepannos Orbeli, memar Momik, miniatürçü Toros Taronatsi, Avaq və başqaları təhsil almışdır.

1373-cü ildə Qladzor universitetinin yetirməsi olan Hovan Vorotnetsi Tatev universitetinin əsasını qoyur. Filosof və pedaqoq Qriqor Tatevatsi (XIV-XV əsrlər) burada yaşayıb-yaratmışdır. Tatev monastırı orta əsrlərdə Qafqazın ən böyük xristian mədəniyyət mərkəzlərindən biri olmaqla Tatev miniatür məktəbinin formalaşdığı yerdir. Monastırın həm də zəngin kitabxanası olmuşdur.

Sünik bir çox orta əsrlər əlyazmalarının da vətənidir ki, onlardan da ən məşhuru “Qladzor İncili”dir.[153] XIII-XIV əsrlərdə Vayots-Zor havarında xüsusi rəssamlıq məktəbi (Sünik məktəbi[154]) formalaşmış, Sünik abidələri həmin rəsmlərdə təsvir olunmuşdur.[155] Sünikin ən qədim əlyazmalarından biri 989-cu ildə Yenivəng monastırında yazılmış İncildir.[156]

Sünik həm də memarlıq abidələri ilə zəngindir. Gəmiqaya petroqlifləri (tunc dövrü), Qarakilsə petroqlifləri (tunc dövrü), Xarabagilan (IV-V əsrlər), Tatev monastırı (895-906), Amağu monastırı (XIII-XIV əsrlər), Vahanavəng kilsəsi (911), Ələyəz kilsəsi (X-XI əsrlər), Vağudi monastırı (IX-XI əsrlər), Şadıvəng kilsəsi (1062), Qaravəng kilsəsi (1273-1279), Arpa kilsəsi (1321), Gülvəng kilsəsi (1320-1330), Urud abidələr kompleksi (VII-XVI əsrlər), Arzuman körpüsü (844), Sınıq karvansara (1319), Ağkənd karvansarası (XIV əsr), Səlim karvansarası (1328-1329), Dədəli körpüsü (XIII əsr), Darkənd türbəsi (XIV-XV əsrlər), Ordubad cümə məscidi (1604), Ambaras məscidi (XVII əsr) və sair. Həmçinin Sünikin Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində tarixi əhəmiyyətli məscidlər olub.

Qalereya

Tanınmış şəxslər

Antik dövr

  • Vaqinak Süni — IV əsrin əvvəllərində Böyük Ermənistanın dövlət və hərbi xadimi.
  • Antioks Süni — IV əsrdə Böyük Ermənistanın dövlət və hərbi xadimi.
  • Pərəncəm — Sünik şahzadəsi, II Arşakın həyat yoldaşı (350—368).
  • Yovsep Vayotszorçi — Ermənistan katolikosu 440—454-cü illər.
  • Vasak Süni (V əsr) — dövlət xadimi, 442—451-ci illərdə Ermənistan mərzbanı.

Orta əsrlər

  • Stepannos Sünetsi (V əsr) — himnoqraf.
  • Petros Sünetsi (VI əsr) — kitabçı, tarixçi.
  • Stepannos Sünetsi (VII—VIII əsrlər) — qrammatik, şair.
  • Saakduxt (VIII əsr) — şairə.
  • I Vahan Sünetsi — Ermənistan katolikosu 968—969-cu illər.
  • I Smbat - Sünikin müstəqilliyini elan etmiş ilk Sünik knyazı 987—998-ci illər.
  • Stepanos Orbelyan (XIII əsr) — tarixçi.
  • Momik (XIII—XIV əsrlər) — memar.
  • Hovannes Vorotnetsi (XIV əsr) — filosof, pedaqoq.
  • Arakel Sünetsi (XIV—XV əsrlər) — şair, filosof.

Yeni dövr

Həmçinin bax

Qeydlər

İstinadlar

Ədəbiyyat

Tarixi mənbələr

  • Stepannos Orbeli - Sisakan vilayətinin tarixi, Tiflis, 1910.  (erm.)
  • Moisey Kalankatuklu - Alban ölkəsinin tarixi/qədim erməni dilindən təcümə akad. Z. M. Bünyadov, Bakı, 2006.
  • Yeqişe - Vardan və erməni müharibəsi haqqında/qədim erməni dilindən tərcümə akad. İ. A. Orbeli, Yerevan, 1971.
  • Hovannes Drasxanakertçi - Ermənistan tarixi/qədim erməni dilindən tərcümə M. O. Darbinyan-Melikyan, Yerevan, 1984

Müasir ədəbiyyat

Xarici keçidlər