Xmeymim aviabazası

Xmeymim aviabazası Suriyada yerləşən, lakin Rusiya Hərbi Hava Qüvvələri tərəfindən hərbi məqsədlər üçün istifadə edilən aviabazadır. Əl-Laziqiyyə mühafəzəsinin Əl-Laziqiyyə şəhərinin cənub-şərqində yerləşir. Bazanın leqal statusu 2015-ci ilin avqustunda Rusiya və Suriya hökumətləri arasında imzalanmış razılaşma ilə tənzimlənir. 2017-ci ilin sonlarında Rusiya hökuməti Xmeymim bazasının Suriyadakı daimi Rusiya hərbi kontingentinin bir komponenti olması barədə qərar qəbul etmişdir.

Xmeymim aviabazası
Авиабаза «Хмеймим»
القاعدة الجوية الحميمين
Əl-Laziqiyyə yaxınlığında  (Suriya)
Xmeymim aviabazasında yerləşən Rusiya HHQ-nə məxsus Su-24 bombardmançı təyyarəsi
Xmeymim aviabazası (Suriya)
Xmeymim aviabazası
Xmeymim aviabazasının Suriya ərazisindəki yeri
Hündürlüyü48 metr
Yer haqqında informasiya
SahibSuriya
OperatorRusiya Hərbi Hava Qüvvələri
Tikinti yerinin tarixi
Tikilib2015
İstifadə illəri2015 – davam edir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və hazırkı leqal statusu

Xmeymim aviabazası 2015-ci ilin ortalarında Basil Əl-Əsəd Beynəlxalq Aeropotuna bitişik şəkildə inşa olunmuşdur. Bu aviabaza "Suriya vətəndaş müharibəsində iştirak edən Rusiya qüvvələri üçün strateji mərkəz" rolunu oynayır.[1] Suriyada Rusiyaya məxsus strateji bazanın mövcudluğu barədə xəbər ilk dəfə ABŞ tərəfindən sentyabrın əvvəllərində açıqlanmış və amerikalı rəsmilər bu hadisənin Suriyadakı mövcud münaqişəni daha da alovlandıra biləcəyindən ehtiyatlanmışdır.[2] Aviabaza 30 sentyabr 2015-ci il tarixində istifadəyə verilmişdir.[3][4]

26 avqust 2015-ci ildə Dəməşq şəhərində Rusiya və Suriya arasında imzalanmış razılaşmaya əsasən Rusiya tərəfi bu aviabazadan heç bir vaxt məhdudiyyəti olmadan istifadə etmək hüququna sahib olurdu.[5][6][7][8] Razılaşma Rusiya parlamenti tərəfindən ratifikasiya olunduqdan sonra 2016-cı ilin oktyabrında prezident Vladimir Putin tərəfindən imzalanmışdır. Beləliklə, bazada xidmət göstərən rusiyalı şəxsi heyət və onların ailə üzvləri diplomatik əlaqələr haqqında Vyana Konvensiyasında nəzərdə tutulmuş hüquqi toxunulmazlıq və digər imtiyazlar əldə etdilər.[9][10] Razılaşmaya əsasən Suriya hərbçiləri bazanı bütün perimetri boyunca mühafizə etməli, Rusiya tərəfi isə bazanın hava hücumundan müdafiəsini və şəxsi heyətin daxili siyasətini tənzimləməli idi. 18 yanvar 2017-ci ildə imzalanmış protokolla razılaşmaya bəzi düzəlişlər edildi.[11][12]

2017-ci il dekabrın sonlarında Rusiya prezidenti Vladimir Putinin qərarı ilə Suriyada yerləşən Tartus hərbi dəniz və Xmeymim hərbi hava bazalarının strukturu və şəxsi heyəti təsdiqləndi.[13][14]

İstismarı

2015-ci ilin bir neçə ayı ərzində burada yeni infrastruktur inşa olundu: təqribən 1000 nəfər üçün nəzərdə tutulmuş yaşayış yeri, hava nəqliyyatına nəzarət qülləsi, uçuş zolağı uzantıları, hərbi texnikalar üçün anbar təsisatı, səhra mətbəxi və yanacaqdoldurma məntəqələri. Təchizatlar Rusiyadan təyyarə vasitəsilə ya da 50 km məsafədə yerləşən Tartus şəhərindəki hərbi dəniz bazasından gəmilər vasitəsilə buraya çatdırılırdı.[15] Antonov An-124 Ruslanİlyuşin İl-76 nəqliyyat təyyarələrini qəbul etmək imkanına sahib olan bu bazada Su-24, Su-25Su-34 döyüş təyyarələri, həmçinin T-90 tankları, BTR-82 zirehli transportyorları, artilleriya texnikası, Mi-24 hücum və Mi-8 hərbi-nəqliyyat helikopterləri saxlanılır.[16]

24 noyabr 2015-ci ildə Suriyada Rusiyaya məxsus Su-24 təyyarəsinin vurulmasından sonra bu bazada S-400 hava hücumundan müdafiə sistemləri yerləşdirildi ki, bu da Rusiyaya Türkiyənin cənubundan İsrailin şimalına qədər olan ərazidəki hava məkanını nəzarətdə saxlamağa imkan verdi.[17]

Rusiya 2016-cı ilin yanvar ayının sonlarından etibarən bazada Su-35 döyüş təyyarələrini də yerləşdirməyə başladı.[18] 2016-cı ilin fevralında isə burada bir ədəd Tupolev Tu-214R təyyarəsinin yerləşdirilməsi barədə məlumat verildi.[19][20]

2016-cı ilin sonlarında Rusiya Baş Kəşfiyyat İdarəsinin altıncı direktoratı bazanın yaxınlığında elektron kəşfiyyat sistemləri yerləşdirdi.[21]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər