Dreamcatcher (qrup)

Dreamcatcher (kor. 드림캐쳐; keçmiş adı MINX) – Cənubi Koreya qız qrupu. Qrup yeddi üzvdən ibarətdir: Ciyu, Sua, Şiyon, Handon, Yuhyon, Dami və Qahyon. Qrup 13 yanvar 2017-ci ildə "Nightmare" albomu ilə debüt etmişdir.

Dreamcatcher
Dreamcatcher 2019-cu ilin aprelində Soldan sağa: Şiyon, Ciyu, Dami, Yuhyon, Qahyon, Sua və Handon.
Dreamcatcher 2019-cu ilin aprelində
Soldan sağa: Şiyon, Ciyu, Dami, Yuhyon, Qahyon, Sua və Handon.
Əsas məlumatlar
ÜslubK-pop, elektronik rəqs musiqisi[d], ballada, caz, rok
Fəaliyyət illəri2014–hazırda
ÖlkəCənubi Koreya
Digər adıMINX (2014–2016)
LeyblPony Canyon[d]
Heyət
  • Ciyu
  • Sua
  • Şiyon
  • Handon
  • Yuhyon
  • Dami
  • Qahyon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrup 2014-cü ildə "MINX" adı ilə beş nəfərlik (Ciyu, Sua, Şiyon, Yuhyon, Dami) qrup kimi yaradılmışdır. 2016-cı ildə qrupun "Dreamcatcher" adı ilə yenidən qurulacağı, iki yeni üzvün (Handon və Qahyon) qatılacağı və Koreyadakı digər qız qruplarından fərqlənmək üçün daha qaranlıq konsepsiyaya yönələcəyi açıqlanmışdır. Rokmetal kimi elementləri birləşdirən qrup fərqli üslubuna görə bəyənilmiş,[1][2] K-pop dünyasının rok siması kimi tanınmışdır.[3]

Tarixi

2014–2019

"MINX" adı ilə qurulan qrup ilk canlı performansını 9 avqust 2014-cü ildə Palıd Dərəsi Yay Festivalında gerçəkləşdirmiş, "Action""Why Did You Come To My Home" adlı iki orijinal mahnı ilə çıxış etmişdir.[4][5] 15 sentyabrda Happyface Entertainment qrupun yaradıldığını təsdiqləmişdir.[6] Qrup 2015-ci ildə "Love Shake" adlı ilk və yeganə minialbomunu buraxmışdır.[7][8]

2016-cı ilin noyabrında Happyface Entertainment qrupun "Dreamcatcher" adı ilə yenidən yaradılacağı, Handon və Qahyonun qrupa qoşulacağı açıqlanmışdır.[9][10] Qrup yeni adı ilə debütünü 13 yanvar 2017-ci ildə "Nightmare" albomu ilə gerçəkləşdirmişdir.[11] Albomun əsas mahnısı olan "Chase Me" roka əsaslanan gənc metal mahnı kimi təsvir olunmuşdur.[12]

"Dreamcatcher" 2018-ci ilin fevralında Avropanın əsas şəhərləri turunu tamamlayan ilk K-pop qız qrupu olmuşdur. Qrup 14 fevral–25 fevral tarixlərində London, Lissabon, Madrid, Amsterdam, Berlin, VarşavaParisdə çıxış etmişdir.[13][14][15] 2018-ci ilin martında qrup Seulda ilk solo konsertini vermişdir və konsertdə rəsmi fandom üçün "InSomnia" adı seçilmişdir.[16] 18 sentyabr 2019-cu ildə qrup "Raid of Dream" adlı minialbomunu buraxmışdır. Minialbomunun əsas mahnısı olan "Deja Vu" orkestral rok kimi təsvir olunmuşdur.[17]

2020–hazırda

18 fevral 2020-ci ildə qrupun "Dystopia: The Tree of Language" adlı ilk studiya albomu buraxılmışdır.[18] Albomun əsas mahnısı olan "Scream" Dazed tərəfindən "2020-ci ilin ən yaxşı 40 K-pop" mahnısı siyahısında 6-cı yerdə göstərilmişdir.[19] Qrup 27 noyabr 2020-ci ildə "King's Raid: Successors of the Will" anime serialı üçün "Eclipse" adlı açılış mahnısı ifa edəcəyini açıqlamışdır.[20] 26 yanvar 2021-ci ildə qrupun 6-cı minialbomu və "Dystopia" seriyasının sonuncu işi olan "Dystopia: Road to Utopia" minialbomu buraxılmışdır. Minialbomun əsas mahnısı, nyu-metal janrında olan "Odd Eye" Next Big Sound hit-paradında yer almış və bunu bacaran ilk K-pop qız qrupu olmuşdur.[21][22]

12 aprel 2022-ci ildə "Apocalypse: Save Us" adlı ikinci studiya albomu və albomun əsas mahnısı "Maison" buraxılmışdır.[23] Qrup 20 apreldə bu mahnı ilə "Show Champion" verilişində iştirak edərək ilk musiqi verilişi qələbəsini əldə etmişdir.[24] 11 oktyabr 2022-ci ildə qrupun 7-ci minialbomu "Apocalypse: Follow Us" və minialbomun əsas mahnısı "Vision" buraxılmışdır.[25] Dazed bu mahnını "2022-ci ilin ən yaxşı K-pop" mahnıları siyahısında 16-cı yerdə göstərmişdir.[26]

Üzvlər

Diskoqrafiya

Əsas məqalə: Dreamcatcher diskoqrafiyası

İstinadlar

Xarici keçidlər