Hüququn aliliyi

Hüququn aliliyihüququn cəmiyyətdə ali mövqedə olması, xüsusilə də fərdi və institusional davranışa təsir etməsi, eləcə də hökumət də daxil olmaqla cəmiyyətin bütün üzvlərinin eyni dərəcədə hüquq normalarına tabe olması.[2] "Hüququn aliliyi" ifadəsi hər hansı xüsusi hüquq norması ilə bağlı deyil və siyasi situasiyalarla əlaqədar işlədilir.

Hüququn qanuni və hüquqi aspektlərini əks etdirən mozaika. Taxtda əyləşən qadın bir əlində günahkarları cəzalandırmaq üçün qılınc, digər əlində isə layiq şəxsləri mükafatlandırmaq üçün palma budağı tutmuşdur. Şöhrət onun başını əhatə edir və Minervanın himayəsi salehlik və müdriklik qalxanını simvolizə edir.[1]

Bu ifadənin istifadəsi XVI əsr Britaniyasına qədər gedib çıxır. XVII əsrdə isə şotland ilahiyyatçısı Samuel Rezerford bu ifadədən kralların ilahidən gələn hüquqlarını tənqid edərkən istifadə etmişdir.[3] Con Lokk yazırdı ki, cəmiyyətdəki azadlıq hər kəsə tətbiq olunan və qanunverici orqan tərəfindən yaradılan qanunlara hər kəsin tabe olması deməkdir; bu zaman şəxs onun azadlığı üzərində istər dövlət, istərsə də şəxsi məhdudiyyətlərdən qurtulmuş olur. "Hüququn aliliyi" daha sonra XIX əsrdə Britaniyalı hüquqşünas Albert Venn Daysi tərəfindən geniş istifadə olunmağa başladı. Halbuki, ifadə özü olmasa da, prinsip etibarilə qədim mütəfəkkirlər tərəfindən elmə gətirilmişdir. Məsələn, Aristotel yazırdı ki, "Hər hansı vətəndaş tərəfindən idarə edilməkdənsə, qanuna tabe olmaq daha məqsədəuyğundur".[4]

Hüququn aliliyi konsepsiyasına görə, hüquq normalarını yaradanlar, hüquq-mühafizə orqanları və hakimlər də daxil olmaqla hər kəs qanunun tələblərinə tabe olmalıdır. Bu mənada o, idarəçilərinin hüquqdan üstün olduğu monarxiyaoliqarxiya ilə ziddiyyət təşkil edir. Hüququn aliliyinə riayət edilməməsinə həm demokratik dövlətlərdə, həm də monarxiyalarda rast gəlinə bilər; məsələn, belə ki, qanunun normalarının inkar edilməsi, onlara laqeyd münasibət göstərilməsi hallarında dövlətin hüququ bərpa mexanizmləri kifayət qədər effektiv olmadıqda hüququn aliliyi daha çox pozulur.

Tarixi

"Hüququn aliliyi" ifadəsi müasir dövrdə Albert Venn Daysi[5][6] sayəsində məşhurluq qazansa da, bu hüquqi konsepsiyanın inkişafı qədim tarixə malikdir və Qədim Yunanıstan, Çin, Mesopotamiya, HindistanRoma da daxil olmaqla bir çox qədim sivilizasiyalara gedib çıxır.[7]

Antik dövr

Qərbdə qədim yunanlar ilk növbədə ən yaxşı hökumət formasını ən yaxşı insanlar tərəfindən idarə olunan hökumət kimi qiymətləndirirdilər.[8] Platon ideal və qanundan üstün olan hökmdar-filosof tərəfindən idarə edilən monarxiya quruluşunu müdafiə edirdi.[8] "Qanunlar" dialoqunda[9] Platon yazırdı: "Hansı dövlətdə qanun kiminsə təsiri altındadır və heç bir qüvəsi yoxdur, fikrimcə, həmin dövlətin məhvi çox da uzaq deyil; lakin qanunun hakimlər üzərində hökmran, hakimlərin isə onun qulları olduğu yerdə dövlətin xilasını və tanrıların dövlətə verə biləcəkləri bütün rifahı görürəm."[10]

Romalı siyasi xadim Siseron isə tez-tez qeyd edirdi ki, "Biz hamımız azad olmaq üçün qanunların köləsiyik."[11] Roma Respublikası dövründə mübahisəli magistratlar xidmət illəri başa çatdıqda mühakimə edilirdilər. Roma İmperiyası zamanında isə suveren şəxsi immunitetə (legibus solutus) malik olsa da, şikayəti olanlar iddia qaldıra bilərdilər.[5]

Çində e.ə. III əsrdə leqizm məktəbinin nümayəndələri hüquqdan idarəçilik aləti kimi istifadə etməyi dəstəkləyirdilər, lakin onlar "hüququn aliliyi" əvəzinə "hüquq vasitəsilə alilik" tezisini müdafiə edirdilər; bu isə aristokratların və imperatorun hüquqdan yuxarı mövqedə qəbul edilməsi mənasına gəlirdi.[12] Bunun əksinə, Daosizmin Huan-Lao məktəbi təbii hüququ müdafiə edərək hüquqi pozitivizmi inkar edir, hətta hökmdarın da hüquqa tabe olmalı olduğunu iddia edirdi.[13]

Son zamanlar Bibliyanın Qərb Konstitusiya hüququna təsirini yenidən nəzərdən keçirmək üçün səy göstərilir. Əhdi-Ətiqin ikinci kitabında kralın üzərində müəyyən məhdudiyyətlər qoyulur: bu məhdudiyyətlər kralın xanımlarının və öz şəxsi məqsədləri üçün əldə edə biləcəyi atların sayı ilə bağlıdır. Professor Bernard M. Levinsona görə, "Bu qanunvericilik öz dövründə o qədər utopik idi ki, onun heç bir zaman tətbiq edilməyəcəyi düşünülürdü..."[14]

Orta əsrlər

İslam hüququnda hüququn aliliyi VII əsrdə formalaşdırılmışdır: heç bir məmur, hətta xəlifə belə qanundan üstün olduğunu iddia edə bilməzdi.[15] Lakin burada dünyəvi hüquq deyil, Şəriət hüququ formasında İslam dini hüququ nəzərdə tutulurdu.[16]

IX əsr Anqlosaks kralı Böyük Alfred krallığın qanununu hazırladı və Bibliyanın əmrlərinə əsaslanan bir məcəllədə topladı. O, həmin qanunun varlı və ya kasıb, dost və ya düşmən olmasından asılı olmayaraq hər kəsə tətbiq edilməsini tələb edirdi. Bu da çox güman ki, Levitin 19:15-ci hissəsindən götürülmüşdü: "Qərarlarınızda haqsızlıq etməyin. Yazıq adamlara mərhəmət göstərməyin, varlılara isə (varlı olduqlarına görə) hörmət etməyin. Yoldaşınızı mühakimə edərkən dürüst davranın."[17]

1215-ci ildə arxiyepiskop Stefan Lenqton İngiltərədəki baronları bir araya toplayıb vergi qarşılığında Böyük Azadlıqlar Xartiyası ilə keçmiş azadlıqlarını da qoruyub saxlayaraq, Kral Conu və gələcək hökmdarları və magistratları hüququn aliliyinə tabe olmağa məcbur etdi.[18][19] Konstitusiyanın təməlini qoyan bu ideyalar daha sonra ABŞ Konstitusiyasında əks olunmuşdur.

1481-ci ildə II Ferdinandın hakimiyyəti dövründə Kataloniya Ümumi Məhkəməsi tərəfindən Nəzarət Konstitusiyası (kat. Constitució de l'Observança) qəbul edildi; sənəd məmurlar da daxil olmaqla kralın səlahiyyətlərinin Kataloniya Krallığının qanunlarına tabe olmasını nəzərdə tuturdu.[20]

Erkən müasir dövr

"Hüququn aliliyi" ifadəsinin ingilis dilində məlum ilk istifadəsi təxminən b.e.1500-cü ilə təsadüf edir.[21] Bu ifadəyə həmçinin 1610-cu ildə İcmalar Palatası tərəfindən I Ceymsə yazılmış ərizədə rast gəlmək olar.[22]

Müvafiq ifadədən istifadə edən və onun başlıca nəzəri əsaslarını verən ilk müasir müəlliflərdən biri də Samuel Rezerford olmuşdur (Lex, Rex; 1644).[3] Əsərin adı latın dilində olub "Qanun kraldır" deməkdir. Bununla da müəllif ənənəvi ifadəni ("Rex lex" - "Kral qanundur") yenisi ilə əvəz edir.[23] Ceyms Harrinqton əsasən Aristotelin Siyasət əsərinə əsaslanan Okeana (1656) əsərində yazırdı ki, hökumət formaları arasında "Şəxslərin deyil, Qanunların İmperiyası" "Qanunların deyil, Şəxslərin İmperiyası" ilə müqayisədə daha üstündür.[24]

Prinsip Monteskyö tərəfindən Qanunların ruhu (1748) əsərində də müzakirə edilmişdir.[25] "Hüququn aliliyi" ifadəsi Samuel Consonun Lüğət (1755) əsərində də mövcuddur.[26]

1776-cı ildə ABŞ dövlətinin qurulduğu dövrdə heç kəsin qanundan üstün olmaması fikri olduqca məşhur idi. Məsələn, Tomas Peyn Sağlam fikir (1776) pamfletində yazırdı ki, "Amerikada qanun kraldır. Mütləq hökumətlərdə Kral qanundur, odur ki, azad dövlətlərdə qanun kral olmalıdır; başqa cür olmamalıdır."[27] 1780-ci ildə Con Adams "şəxslərin deyil, qanunların hökuməti"ni yaratmaq məqsədilə bu prinsipi Massaçusets Konstitusiyasında təsbit etmişdi.[28]

Britaniya, Fransa və ABŞ-nin təsiri ilə hüququn aliliyi prinsipi digər dünya ölkələrinə də yayılmış oldu.[29][30]

Dövlətlər üzrə

Avropa

İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının preambulasında "vahid səylərlə hərəkət edən və siyasi ənənələrin, idealların, azadlığın və hüququn aliliyinin ümumi irsinə malik olan Avropa ölkələrinin hökumətləri" ifadəsi qeyd edilir.[31]

Fransa və Almaniyada hüququn aliliyi konsepsiyaları (müvafiq olaraq Etat de droitRechtsstaat) konstitusiyanın aliliyi və əsas hüquqların dövlət orqanlarından, xüsusilə də qanunverici orqandan qorunması kimi prinsiplərlə oxşarlıq təşkil edir.[32][33] Fransa hüququn aliliyi məsələsindəki fikirlərin öncüllərindən biri idi.[34] Alman təfsiri daha çox "sərtdir", lakin Fransa və Birləşmiş Krallığdakı təfsirlərə oxşardır.[35][36]

Finlandiya Konstitusiyası "dövlət orqanlarının səlahiyyətlərinin icrası qanuna əsaslanmalıdır. Dövlət fəaliyyətinin bütün növlərində qanunlara ciddi əməl olunmalıdır." ifadəsini qeyd etməklə əslində hüququn aliliyini açıq-aşkar tələb edir.

Amerika

ABŞ

Birləşmiş Ştatların bütün dövlət məmurları, o cümlədən prezident, Ali Məhkəmənin hakimləri, dövlət hakimləri və qanunverici hakimiyyətin nümayəndələri və Konqresin bütün üzvləri ilk növbədə Konstitusiyaya əməl etməlidirlər. Bu isə hüququn aliliyinin hər hansı liderin aliliyindən üstün olduğunu göstərir.[37]

Asiya

Şərqi Asiya mədəniyyətləri iki fəlsəfi məktəbin təsirinə məruz qalmışdır: xeyirxah liderlərin idarəçiliyini dəstəkləyən Konfutsiçilik və hüquqa ciddi bağlılığı təbliğ edən Leqizm. Bu fəlsəfi məktəblərdən birinin digəri üzərində hökmranlığı əsrlər boyu dəyişmişdir. Tədqiqatlardan birinin nəticəsinə görə, Şərqi Asiyada yalnız Cənubi Koreya. Sinqapur, Tayvan, Yaponiya və Honkonq hüququn tələblərinə riayət edən cəmiyyətlərə malikdirlər.[38]

İstinadlar