Alita: Döyüş mələyi

Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpankmacəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır.

Alita: Döyüş mələyi
ing. Alita: Battle Angel
Poster.
Poster.
Janrkiberpank, macəra
RejissorRobert Rodriges
ProdüserlərCeyms Kemeron
Con Landau
Əsərin müəllifiYukito Kişironun "Battle Angel Alita" manqası
Ssenari müəllifləriCeyms Kemeron
Laeta Kaloqridis
Baş rollardaRoza Salazar
Kristof Valts
Cennifer Konnelli
Maherşala Ali
Ed Skreyn
Ceki Erl Heyli
Kian Conson
OperatorBill Poup[1]
BəstəkarTom Holkenborq
İstehsalçı
Distribütor20th Century Fox, Netflix
İlk baxış tarixi14 fevral 2019
Müddət122 dəq.
Büdcə175–200 milyon $[3]
ÖlkələrABŞ ABŞ
Dilingilis
Rəngrəngli
IMDbID0437086
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun

Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi[4] və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir.[5][6]

Rollarda

  • Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman. Salazar rolu hərəkət tutma texnikası vasitəsilə canlandırır.[7][8]
  • Kristof Valts Doktor Dison İdo rolunda: Alitanı tapan və ona baxan alim.[9]
  • Cennifer Konnelli[10] Kiren rolunda[11]
  • Maherşala Ali iki rolda:[12] biri motorbol oyunları təşkil edən Vektor rolunda.[13]
  • Ed Skreyn Zapan rolunda: Alitanı öldürməyə çalışan antaqonist kiborq.[14]
  • Ceki Erl Heyli kiborq rolunda.[15]
  • Kian Conson Hüqo rolunda: Alitanın sevgi hisləri bəslədiyi və ona motorbol oyununu öyrədən oğlan.[16]
  • Mişel Rodriqes Qelda rolunda: kiborq döyüşçüsü və motorbol oyunçusu.[17]
  • Eysa Qonsales Nissiana rolunda: kiborq.[18]
  • Lana Kondor Koyomi rolunda: yetim uşaq və frilans fotoqraf.[19]
  • Corc Lendeborq Hüqonun dostu rolunda.[20]
  • İdara Viktor tibb bacısı Qerhad rolunda: İdonun köməkçisi.
  • Leonard Vu Kinuba rolunda.[21]
  • Marko Saror Acakutti rolunda: motorbol oyunçusu.[22]

İstehsal

İnkişaf

Filmin prodüserləri: Ceyms Kemeron və Con Landau.

Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası Ceym Kemeronun diqqətini Qilermo del Toro sayəsində cəlb etmişdir. Kemeron manqa ilə tanış olar-olmaz konsepsiyasına vurulmuşdur.[23]

2000-ci ilin iyununda 20th Century Fox Ceyms Kemeron üçün "battleangelalita.com" domen adını qeydiyyatdan keçirmişdir.[24] Fox "battleangelmovie.com" domen adını da qeydiyyatdan keçirmişdir.[25] 2003-cü ilin aprelində Kemeronun filmin rejissoru olacağı təsdiqlənmişdir.[26] Kemeron 4 may 2003-cü ildə Fuji TV-də verdiyi müsahibədə filmin ssenarisinin hazırlandığını bildirmişdir.[27] Filmin əvvəlcə bu manqadan təsirlənmiş "Qara mələk" teleserialından sonra buraxılması planlaşdırılmışdı.[28][29] Daha sonra bu filmin onun "Dərinliyin gəlmələri" (2005) filmindən sonra növbəti filmi olması planlaşdırıldı.[30]

2005-ci ilin iyununda Kemeron "Layihə 880"[31] (daha sonra adı "Avatar") adlı film üzərində işlədiyinə görə film üzərində işlər ertlənmişdir.[32] 2006-cı ilin fevralında verdiyi müsahibədə 20th Century Fox ilə hər iki filmi çəkmək haqqında müqaviləsinin olduğunu bildirmişdir.[33] "Entertainment Weekly" filmin 2009-cu ilin sentyabrına qədər ertələndiyini qeyd etmişdir.[33] 2006-cı ilin iyununda Kemeron "Döyüş mələyi"nin "Avatar" ilə birlikdə planlaşdırdığı iki film trilogiyasından biri olduğunu açıqlamışdır.[34]

2008-ci ilin mayında Kemeron "Batma" adlı bioqrafik film üzərində işlədiyi üçün filmin yenə ertələndiyini açıqlamışdır.[35] Lakin həmin ilin iyunundakı San Diego Comic-Con International tədbirində yenə də filmi çəkmək niyyətində olduğunu qeyd etmişdir.[36] 2009-cu ilin dekabrında Kemeron ssenarinin tamamlandığını açıqlamışdır.[37]

2010-ci ilin fevralında Con Landau verdiyi müsahibədə Kemeronu filmin adını "Alita: Döyüş mələyi"nə dəyişdirməyə məcbur etdiyini bildirmişdir: "Mən deyirəm ki, filmin adı "Alita: Döyüş mələyi" olmalıdır, çünki Cim ancaq T və A hərfləri ilə başlayan filmlər çəkir".[23] Landau həmçinin Laeta Kaloqridisin ssenari üzərində işlədiyini açıqlamışdır.[23]

2010-cu ilin avqustunda Kemeron hələ də filmi çəkmək istədiyini, amma nə vaxt edəcəyini bilmədiyini qeyd etmişdir.[32] Oktyabr ayında o, "Döyüş mələyi" əvəzinə növbəti filmləri kimi "Avatar" sikvellərini çəkəcəyini açıqlamışdır.[38] O, layihəni çox sevdiyi üçün tərk etmək və başqa rejissora təhvil vermək istəmədiyini desə də,[4] 2011-ci ilin iyununda "Avatar" sikvellərinin tamamlanmadığı müddətcə "Döyüş mələyi"nin istehsal olunmayacağını demişdir:[39] "..."Döyüş mələyi" bir neçə il müddətində istehsal olunmayacaq".[40] Kemeron qeyd edir ki, "Avatar"ı birinci istehsal etmək istəyinin səbəbi filmin cəmiyyətin təbiətin mühafizəsinə olan diqqətini artıracağı fikridir.[41]

Filmin rejissoru Robert Rodriges.

2013-cü ilin iyununda Kemeron filmin 2017-ci ildə istehsal olunmağa başlayacağını bildirmişdir.[42] 2015-ci ilin oktyabrında Robert Rodrigesin "Alita: Döyüş mələyi" adlanacaq filmin rejissoru olmaq üçün studiya ilə görüşdüyü, Ceyms Kemeron və Con Landaunun prodüser kimi layihədə olacaqları məlum olmuşdur.[43] Rodriges Kemeronun 186 səhifəlik ssenarisi və 600 səhifəlik qeydləri (əslində isə Kemeronda 1000 səhifədən çox qeyd var idi)[11] ilə tanış olmuşdur. Rodrigesin işindən məmnun olan Kemeron ona filmi çəkməyi təklif etmişdir.[8]

2016-cı ilin aprelində 20th Century Fox layihə üçün hələ yaşıl işıq yandırmadığını, filmin büdcəsini azaltmağı çalışdığını bildirmişdir.[44] Həmin ay Robert Rodriges filmin rejissoru təyin olunmuşdur.[44] 2016-cı ilin mayında 20th Century Fox filmin 20 iyul 2018-ci ildə buraxılacağını anons etmişdir.[45]

İstehsal öncəsi

Ceyms Kemeron potensial rejissor olarkən filmi "Avatar" filmində istifadə etdiyi kompüter qrafikası texnikası ilə çəkməyi planlaşdırırdı.[37] O, Alita personajını tamamilə kompüter qrafikası ilə yaratmaq istəyirdi.[30] O, "Avatar" filmində istifadə etdiyi Fusion kamera sistemi, üz performans tutması və Simulcam kimi texnologiyalardan bu filmdə də istifadə edəcəyini açıqlamışdır.[46] 2006-cı ilin mayında Kemeron filmin istehsal texnologiyaları üçün 10 ay vaxt sərf etdiyini bildirmişdir.[47]

2008-ci ilin oktyabrında film üzərində il yarım işləmiş rəqəmsal sənətçi Mark Qoerner film üzərində istehsal öncəsi prosesin demək olar ki, tamamlandığını açıqlamışdır.[48]

Rol seçimi

Alita rolunu canlandıran Roza Salazar.

2016-cı ilin aprelində Mayka Monro, Roza SalazarZendaya Alita rolu üçün namizəd idilər.[44] Bella Tornun da rol üçün namizəd olduğu açıqlanmışdı.[44] 2016-cı ilin may ayının sonunda Roza Salazar rol üçün seçilmişdir.[7]

2016-cı ilin avqustunda Kristof Valtsın Doktor Dison İdonu[9] (manqada Daysuke İdo)[49] oynamaq üçün studiya ilə görüşdüyü məlum olmuşdur. 14 sentyabr 2016-cı ildə Ceki Erl Heyli kiborq antaqonist kimi seçilmişdir.[15] 2016-cı ilin sentyabrında[50] Ed Skreyn Zapan roluna seçilmişdir.[14]

30 sentyabr 2016-cı ildə Kian Conson Alitanın sevgilisi Hüqo rolu üçün filmə cəlb olunmuşdur.[16] Studiya Hüqo rolu üçün Evan Coqia, Duqlas But, Cek Lauden və Noy Silveri də namizəd kimi görmüşdü, lakin "etnik cəhətdən daha qeyri-müəyyən" görünüşünə görə Conson seçilmişdir.[16] 3 oktyabr 2016-cı ildə Maherşala Ali ilə Vektor rolu üçün danışıqların getdiyi bildirilmişdir.[13] Ali müsahibəsində filmdə iki rolda çıxış edəcəyini bildirmişdir.[12]

5 oktyabr 2016-cı ildə Eysa Qonsales filmə qoşulmuşdur.[18] O, Rodrigesin "Küldən şəfəqə" teleserialında oynayırdı. 7 oktyabr 2016-cı ildə Corc Lendeborq Hüqonun dostu roluna seçilmişdir.[20] 11 oktyabr 2016-cı ildə Lana Kondor yetim Koyomi rolu üçün seçilmişdir.[19] 18 oktyabr 2016-cı ildə Leonard Vunun kiborq Kinuba rolunda görünəcəyi açıqlanmışdır.[21] 2016-cı ilin dekabrında Marko Saror kiborq Acakutti kimi layihəyə qoşulmuşdur.[22] 7 fevral 2017-ci ildə Cennifer Konnelli naməlum antaqonist qadın roluna seçilmişdir.[10] 22 fevral 2017-ci ildə Mişel Rodriqes də filmdə çəkildiyini açıqlamışdır.[17]

Çəkilişlər

Filmin çəkilişləri 17 oktyabr 2016-cı ildə Texas ştatının Ostin şəhərində başlamış və 9 fevral 2017-ci ildə başa çatmışdır.[15][51] Aktyor heyəti filmin səhnələrinə rok, pank və emo ünsürlərini əlavə etmək üçün 2017-ci ilin 3, 6 və 7 fevral gecələrində Ostinə çıxmışdırlar.[52][53]

Buraxılış

Filmin əvvəlcə 20 iyul 2018-ci ildə IMAX formatında buraxılması planlaşdırılırdı.[45][54] 2018-ci ilin fevralında filmin 21 dekabr 2018-ci il tarixinə ertələndiyi açıqlanmışdır.[55] Ən son isə 14 fevral 2019-cu ilə ertələnmişdir.[56]

Marketinq

Filmin ilk treyleri 8 dekabr 2017-ci ildə buraxılmışdır.[8] Treyler qarışıq rəylər (xüsusilə baş qəhrəmanın görünüşü ilə bağlı) almışdır.[57] Filmin ikinci treyleri 23 iyul 2018-ci ildə San Diego Comic-Con International tədbirində buraxılmış və Linkin Park-ın "New Divide" mahnısından istifadə olunmuşdur.[58]

İstinadlar

Xarici keçidlər