Karl Ziqler

Karl Valdemar Ziqler (alm. Karl Waldemar Ziegler‎; 26 noyabr 1898[1][2][…]12 avqust 1973[1], Mülheim an der Ruhr, Şimali Reyn-Vestfaliya) — alman kimyaçısı, NQR spektroskopiyası metodunu təklif etdi, 1963-cü ildə Culio Natta ilə polimer tədqiqatlarındakı işlərinə görə Kimya üzrə Nobel mükafatı aldı. Nobel Komitəsi onu "orqanometalik birləşmələr üzrə tədqiqatını [bu] … yeni polimerləşmə reaksiyalarına gətirib çıxaran və … yeni və çox faydalı istehsal prosesləri üçün yol açan" görkəmli biri kimi tanıdı.[5]

Karl Ziqler
alm. Karl Waldemar Ziegler
Doğum tarixi26 noyabr 1898(1898-11-26)[1][2][…]
Vəfat tarixi12 avqust 1973(1973-08-12)[1] (74 yaşında)
Vəfat yeri
Elm sahəsiqeyri-üzvi kimya
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Üzvlüyü
MükafatlarıGreat Cross with Star and Sash of the Order of Merit of the Federal Republic of Germany İncəsənət və elm sahəsində Pour le Mérite ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, həmçinin sərbəst radikallar, makrosiklik və orqanometal birləşmələri əhatə edən tədqiqatları və Ziqler-Natta katalizatorlarının inkişafı ilə tanınır. 1960-cı ildə Otto Bayer və Valter Reppe ilə birlikdə elmi biliklərin genişləndirilməsi və yeni sintetik materialların texnoloji inkişafındakı nailiyyətlərə görə Ziqler Verner fon Simens üzüyü ilə təltif edilmişdir[6].

Bioqrafiyası

Uşaqlıq və təhsil illəri

Karl Ziqler 26 noyabr 1898-ci ildə Almaniyanın Kassel inzibati rayonundakı Helsa bələdiyyəsində anadan olub və Lüteran keşişi Karl Ziqler və Luiza Roll Ziqlerin ikinci oğlu olub[7]. Kasseldəki Bettenhauzen ibtidai məktəbinə daxil oldu. Ziqlerin elmə ilk marağı fizika dərsliyinə girişdən başladı. Evdə eksperimentlər aparmağa, orta məktəb proqramına daxil olmayan kitabları oxumağa başladı. Atası vasitəsilə o, bir çox məşhur insanlarla, o cümlədən difteriya peyvəndini icad etməklə məşhur olan Emil Adolf fon Berinqlə tanış oldu[8].

Əlavə araşdırmalar və təcrübələr sayəsində Ziqler Kassel Liseyində keçən ilin ən görkəmli şagirdi kimi mükafat aldı[9]. O, Marburq Universitetində oxuyub və əldə etdiyi əlavə biliyə görə ilk iki semestrdən azad edilib. 1918-ci ildə Birinci Dünya Müharibəsi cəbhəsinə əsgər kimi göndərildikdə təhsili yarımçıq qaldı[6]. Karl fon Oversin (alman) rəhbərliyi altında çalışaraq 1920-ci ildə fəlsəfə doktoru elmi dərəcəsini almışdır[10]. Onun dissertasiya işi "Semibenzol və əlaqəli birləşmələrin tədqiqi"nə həsr olunmuş və üç dəfə nəşr olmuşdur[11].

Karyerası

Marburq Universitetində doktorluq dərəcəsi aldıqdan sonra Ziqler İohann Volfqanq Höte adına Frankfurt Universitetində qısa müddət mühazirələr oxudu. 1926-cı ildə Heydelberq Universitetində professor oldu və burada sonrakı on ilini üzvi kimyada yeni yanaşmaların tədqiqinə sərf etdi[12]. O, üçvalentli karbon radikallarının dayanıqlığını tədqiq etdi və bu, onu metal orqanik birləşmələrin öyrənilməsinə və tədqiqatlarında tətbiqinə gətirib çıxardı. O, həmçinin makrosiklik sistemlərin sintezində iştirak etmişdir[8]. 1933-cü ildə Ziqler, Ruggli-Ziqler seyreltmə prinsipinin əsaslarını təqdim etdiyi makrosiklik sistemlər haqqında ilk böyük əsərini nəşr etdi[13].

1936-cı ildə Halle Universitetində Kimya İnstitutunun professoru və direktoru təyin olundu, həmçinin Çikaqo Universitetində dəvətli mühazirəçi oldu.[14]

Ziqler SS-nin[15] himayədar üzvü idi və 1940-cı ilin oktyabrında Hərbi Xidmətlərə görə 2-ci dərəcəli Xaçı aldı[16].

1943-cü ildən 1969-cu ilə qədər Ziegler, Franz Fişerin varisi olaraq, əvvəllər Mülxeym Ruredəkı Kayzer-Vilhelm Kömür Tədqiqatları İnstitutu kimi tanınan Maks Plank adına Kömür Tədqiqatları İnstitutunun direktoru vəzifəsində çalışmışdı[17].

Karl Ziqler Almaniyada kimyəvi tədqiqatların müharibədən sonrakı dövrdə bərpasında iştirak etmiş və 1949-cu ildə Alman Kimyaçılar Cəmiyyətinin yaradılmasına kömək etmişdir. Beş il prezident vəzifəsində çalışdı[18][19]. 1954–1957-ci illərdə Neft və Kömürün Kəşfiyyatı üzrə Alman Cəmiyyətinin prezidenti olmuşdur[8]. 1971-ci ildə London Kral Cəmiyyətinin xarici üzvü seçilmişdir[20].

Şəxsi həyatı

1922-ci ildə Ziqler Maria Kurtz[21] ilə evləndi. Onların Erhart və Marianne adlı iki övladı var idi[22]. Onun qızı tibb elmləri doktoru Marianne Ziqler Vitte, Ruhrdakı (o vaxtkı) Uşaq Xəstəxanasının baş həkimi ilə evləndi. Oğlu Erhart Ziqler fizik və patent müvəkkili oldu. Ziqlerin qızından beş, oğlundan da beş nəvəsi var idi[23]. Onun nəvələrindən biri, Kordula Vitte onun Nobel mükafatı mərasimində iştirak edirdi və onların ikisinin xoşbəxt rəqs etdiyi bir fotoşəkil var[24]. Ziqler ailəsi ilə bütün dünyanı gəzməyi sevirdi, xüsusilə də dünya turlarını çox sevirdi. O, hətta ay tutulmasını görmək üçün xüsusi uçuşlar təşkil edib. 1972-ci ildə Karl Ziqler nəvəsi ilə kruizdə olarkən ay tutulmasını seyr etdikdən sonra xəstələnir. Bir il sonra öldü[25].

Ziqler və həyat yoldaşı incəsənətin, xüsusən də rəssamlığın böyük biliciləri idilər. Karl və Mariya bir-birlərinə ad günlərində , Milad və yubileylərlərdə rəsmlər hədiyyə verirdilər. Onlar müxtəlif dövrlərə aid sevimli rəsmlərindən ibarət böyük kolleksiya toplayıblar. Həvəsli bir bağban olan Maria, xüsusilə Emil Nolde, Erik Hekkel, Oskar Kokoşki və Karl Şmidt-Rottlufun çiçək rəsmlərini sevirdi. Karl həyat yoldaşı ilə birlikdə vətən hesab etdiyi yerlərin — Halle və Rurs vadisinin görüntülərindən həzz alırdı. Zilqerin vəsiyyətinə görə ümumi kolleksiyasından 42 şəkil Mülheymdəki İncəsənət Muzeyində fondda yer aldı[26].

Bir insan kimi çox kəşflərin adamı olan Karl Ziqler həm də bir çox patentlərin sahibi idi. O, Maks Plank İnstitutu ilə patent müqaviləsi nəticəsində varlı adam olub. Öz vəsaiti hesabına 40 milyona yaxın sərmayə qoyaraq institutun elmi tədqiqatlarını dəstəkləmək üçün Ziqler Fondunu təsis etdi[27]. Şəhərin Şule Liseyi də Ziqlerin adını daşıyır və əvvəllər mövcud olan məktəbin adını dəyişdirilərək 4 dekabr 1974-cü ildə Karl-Ziqler təsis edilmişdir. Məktəb Almaniyanın Mülhaym şəhərində yerləşir[28].

Karl Ziqler 12 avqust 1973-cü ildə Mülheymdə vəfat edib.

Elmi nailiyyətləri

Ziqler bütün həyatı boyu hər cür tədqiqatın bölünməzliyinin tərəfdarı olmuşdur. Bu səbəbdən onun elmi nailiyyətləri həm fundamental, həm də praktiki əhəmiyyət kəsb edir və tədqiqatları kimya elmini geniş əhatə edir. Gənc professor kimi Ziqler, əvəz edilmiş etan törəmələrində karbon-karbon bağlarının dissosiasiyasına hansı amillərin kömək etdiyi sualı ilə maraqlandı. Bu sual onu sərbəst radikalları, orqanometal birləşmələri, siklik birləşmələri və nəhayət, polimerləşmə üsullarını araşdırmağa vadar etdi[29].

Metal orqanik birləşmələr

Sərbəst radikalların tədqiqi Ziqleri qələvi metalların üzvi birləşmələrinə gətirib çıxardı. O, efirin parçalanmasının natrium və kalium alkillərinin alınmasının yeni üsuluna gətirib çıxardığını kəşf etdi[30] və bu birləşmələrin asanlıqla heksaəvəz edilmiş etan törəmələrinə çevrilə biləcəyini göstərdi. Əvəzedicinin təbiəti təmiz efiri dəyişdirməklə dəyişdirilə bilər[31].

Litium alkilləri

Daha sonra, 1930-cu ildə o, litium metaldan və halogenləşdirilmiş karbohidrogenlərdən dərhal litium alkilləri və arilləri sintez etdi. 4Li + 2RX — 2RLi Bu rahat sintez digər alimlər tərəfindən alkillitium reagentlərinin çoxsaylı tədqiqatlarına təkan verdi və indi bu reagentlər sintetik üzvi kimyada ən çox istifadə olunanlardan biridir. Ziqlerin litium alkillər və litium olefinlər üzərində apardığı araşdırmalar onu 20 il sonra yeni polimerləşmə üsulunu kəşf etməyə vadar etdi.

"Canlı" polimerlər

1927-ci ildə o, müəyyən etdi ki, stilben olefin etil efirdə fenilizopropil kaliumun məhluluna əlavə edildikdə qırmızıdan sarıya kəskin rəng dəyişikliyi baş verir. Beləliklə, o, karbon-karbon ikiqat rabitəsinə qələvi metalın üzvi birləşməsinin əlavə edilməsini ilk dəfə müşahidə etdi. Sonrakı işlər göstərdi ki, o, kalium fenilizopropil məhluluna ardıcıl olaraq getdikcə daha çox butadien olefin karbohidrogen əlavə edə və aktiv orqanopotassium son qrupunu saxlayaraq uzun zəncirli karbohidrogen əldə edə bildi. Belə oliqomerlər "canlı polimerlər" adlananların qabaqcılları idi.

Ziqler-Natta katalizatorları

1952-ci ildə Ziqler ixtira etdiyi katalizatoru Culio Nattanın məsləhətçi kimi işlədiyi İtaliyadakı Montecatini şirkətinə təqdim etdi. Natta bu katalizator sinfini "Ziqler katalizatorları" adlandırdı və onların propilen kimi α-olefinləri stereoregular şəkildə polimerləşdirmək qabiliyyəti ilə çox maraqlandı[32]. Ziqler o dövrdə əsasən polietilen və etilen-propilen sopolimerlərinin genişmiqyaslı istehsalına yönəlmişdi. Tezliklə elmi ictimaiyyət onun kəşfi haqqında məlumat aldı. Əvvəllər əldə edilə bilməyən polimerlərin yüksək kristallıq və stereoregularity dərəcəsi sintetik olaraq mümkün olmuşdur. Bu yeni orqanometalik katalizatorların istifadəsi ilə karbohidrogenlərin idarə olunan polimerləşməsinə dair işlərinə görə Karl Ziqler və Culio Natta 1963-cü ildə kimya üzrə Nobel mükafatı aldılar.

Mükafat və təltifləri

  • Karl Ziqler bir çox mükafatlar almışdı. Aşağıda daha əhəmiyyətli mükafatlardan bəzilərinin adları verilmişdir:
  • Libix xatirə medalı (1935); Bu medal bu günə qədər Alman Kimya Cəmiyyəti tərəfindən alman kimyaçılarına yüksək nailiyyətlərə görə verilir. Ziqler bu mükafatı makrosiklik sistemlərin və stabil üçvalentli karbon radikallarının sintezi üzrə tədqiqatına görə alıb.
  • 2-ci dərəcəli Hərbi Xidmət Xaçı (19 oktyabr 1940).
  • Karl Duysberq nişanı (1953); Bu mükafat Alman Kimya Cəmiyyəti tərəfindən kimya sahəsində yüksək nailiyyətlərə görə verilib.
  • Lavuazye medalı (1955); Bu mükafat Fransa Kimya Cəmiyyəti tərəfindən kimyanın müxtəlif sahələrində çalışan alimlərə verilib.
  • Karl Enqler medalı (1958); Bu mükafat onun əvvəllər prezidenti olduğu Alman Neft və Kömürün Kəşfiyyatı Cəmiyyəti tərəfindən verilib.
  • Verner fon Simens üzüyü (1960); Bu üzük Verner fon Simens Fondu tərəfindən təqdim olunub və Almaniyanın yeni texnoloji yollara öncülük etmiş şəxslər üçün ən yüksək mükafatı hesab olunub.
  • Kimya üzrə Nobel mükafatı (1963); "[Onun] orqanometalik birləşmələrə dair görkəmli tədqiqatları [bu] … yeni polimerləşmə reaksiyalarına səbəb oldu və … yeni və çox faydalı istehsal prosesləri üçün yol açdı."[33]
  • Plastik İnstitutunun Suinbern medalı, London (1964); Bu mükafat plastik elm və texnologiyaya mühüm töhfələr vermiş şəxslərə verilib.
  • Almaniya Federativ Respublikasına xidmətlərinə görə ordeni (1964).
  • Beynəlxalq Sintetik Kauçuk Medalı (1967).

İstinadlar