Sosial media

Sosial mediavirtual icmalar və şəbəkələr vasitəsilə məlumatların, ideyaların, maraqların və digər ifadə formalarının yaradılmasını və paylaşılmasını asanlaşdıran interaktiv texnologiyalar.[1][2] İndiki dövrdə mövcud olan müstəqil və daxili sosial media xidmətlərinin müxtəlifliyi səbəbindən sosial medianın tərifində çətinliklər yaranmasına baxmayaraq,[3][4] onun bəzi ümumi xüsusiyyətləri var:[2]

  1. Sosial media interaktiv veb 2.0 internet əsaslı proqramlardır.[2][5]
  2. İstifadəçi tərəfindən yaradılan məzmun (məsələn, mətn yazıları və ya şərhlər, rəqəmsal fotoşəkillər və ya videolar və bütün onlayn qarşılıqlı əlaqələr vasitəsilə yaradılan məlumatlar) sosial medianın can damarıdır.[2]
  3. İstifadəçilər sosial media təşkilatı tərəfindən hazırlanmış, onlar tərəfindən dəstəklənən vebsayt və ya proqramlar üçün xüsusi xidmət profilləri yaradırlar.[2][6]
  4. Sosial media istifadəçinin profilini digər şəxslərin və ya qrupların profilləri ilə birləşdirərək onlayn sosial şəbəkələrin inkişafına kömək edir.[2][6]
Smartfon ekranında sosial media tətbiq nişanları.

Media sahəsində "sosial" termini platformaların istifadəçi mərkəzli olduğunu və kommunal fəaliyyətə imkan verdiyini göstərir. Beləliklə, sosial medianı insan şəbəkələrinin – sosial əlaqəni gücləndirən fərdlərin şəbəkələrinin onlayn vasitəçiləri və ya gücləndiriciləri kimi nəzərdən keçirmək mümkündür.[7]

İstifadəçilər adətən sosial media xidmətlərinə masaüstü kompüterlərində olan veb-əsaslı applikasiyalar vasitəsilə daxil olurlar və ya mobil cihazlarına (məsələn, smartfonlarplanşetlər) sosial media funksionallığı təklif edən xidmətləri endirirlər. İstifadəçilər bu elektron xidmətlər ilə məşğul olaraq yüksək interaktivliyə malik platformalar yaradırlar. Burada fərdlər, icmalar və təşkilatlar postlar paylaşa, birgə məzmun yarada, müzakirələr edə, iştirakçılıq edə və istifadəçi tərəfindən yaradılan və ya onlayn yerləşdirilən məzmunu dəyişdirə bilər.[1][6][8] Bundan əlavə, sosial media bloqlar, podkastlar, videolar və oyun saytlarının yaradılması ilə bağlı fikirlərin inkişaf etdirilməsi ilə yanaşı, xatirələri sənədləşdirmək, hansısa mövzu haqqında öyrənmək və onları araşdırmaq, özünü reklam etmək və dostluq əlaqələri yaratmaq üçün istifadə olunur.[9]

100 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi olan ən populyar sosial media saytlarından bəzilərinə "Twitter", "Facebook" (və onunla əlaqəli "Messenger"), "WeChat", "ShareChat", "Instagram", "QZone", "Weibo", "VK", "Tumblr", "Baidu Tieba" və "LinkedIn" daxildir. İnterpretasiyasından asılı olaraq bəzən sosial media xidmətləri adlandırılan digər məşhur platformalara "YouTube", "QQ", "Quora", "Telegram", "WhatsApp", "Signal", "LINE", "Snapchat", "Pinterest", "Viber", "Reddit", "Discord", "TikTok", "Microsoft Teams" və s. daxildir. Vikilər birgə məzmun yaradılması nümunələridir.

Sosial media vasitələri ənənəvi mediadan (məsələn, çap jurnallarıqəzetlər, TV və radio yayımı) keyfiyyət,[10] əhatə dairəsi, tezlik, yuzabiliti, aktuallıq və dərinlik[11] kimi bir çox cəhətdən fərqlənir. Bundan əlavə, sosial media vasitələri dialoqoji ötürmə sistemində (yəni, çoxsaylı mənbələrdən çoxsaylı qəbuledicilərə), ənənəvi media vasitələri isə monoloqoji ötürmə modeli (yəni, bir mənbədən çoxlu qəbuledicilər üçün) əsasında fəaliyyət göstərir. Məsələn, bir qəzet çoxlu abunəçiyə çatdırılır və bir radio stansiyası eyni proqramları bütün bir şəhərə yayımlayır.[12]

İnternetin dramatik şəkildə genişlənməsindən sonra rəqəmsal media və ya rəqəmsal ritorika bir mədəniyyəti təmsil etmək və ya müəyyən etmək üçün istifadə edilməyə başlanmışdır. Rəqəmsal mühitdə mövcud olan ritorikanın öyrənilməsi bir çox alimlər üçün yeni mühüm prosesə çevrilmişdir.

Müşahidəçilər sosial medianın istifadəsi mövzusuna nəzər yetirən zaman burada çoxlu müsbət və mənfi təsirləri qeyd etmişdilər. Sosial media fərdin real və ya onlayn icmalar ilə əlaqə hissini təkmilləşdirməkdə rol oynayır, həm də korporasiyalar, sahibkarlar, qeyri-kommersiya təşkilatları, vəkillik qrupları, siyasi partiyalar və hökumətlər üçün effektiv ünsiyyət (və ya marketinq) vasitəsi kimi çıxır edir. Müşahidəçilər həmçinin, siyasi iğtişaşlar zamanı sosial mediadan ünsiyyət və təşkilatlanma vasitəsi kimi istifadə edən ictimai hərəkatların artdığını görmüşdülər.

Sosial mediadan həmçinin, doğru və ya yalan xəbərləri oxumaq və ya paylaşmaq üçün istifadə etmək olar.

Tərifi

Andreas Kaplan və Maykl Henlayn sosial medianı belə təsvir edirlər: "Sosial media ideoloji və texnoloji veb 2.0 üsulları ilə istifadəçi tərəfindən yaradılmış məzmunun yaradılması və paylaşımını nəzərdə tutan internet əsaslı tətbiqetmələrdir."[13]. Biznesmenlər isə sosial medianı istehlakçı tərəfindən yaradılan media adlandırırlar.

Sosial media – insanlar arasında virtual internet alətləri vasitəsilə sosial ünsiyyət yaratmaq və məlumatları paylaşma deməkdir. O, daha əlçatan və veb əsaslı texnologiyaladan istifadə etməklə ünsiyyəti interaktiv dialoqa çevirir. Sosial media vasitələrinə internet üzərindən yayımlanan informasiya saytları, sosial şəbəkələr, bloqlar, mikro bloqlar, ani ünsiyyət proqramları, forumlar daxildir.[14]

Tari̇x

1991-ci ildə Tim Berners-Li hipermətn proqramını İnternetlə birləşdirən zaman o, şəbəkə rabitəsinin müasir dövrünü açan Ümumdünya Şəbəkəsini yaratdı. Bu irəliləyiş onlayn icmaların formalaşmasına kömək etdi və oflayn qrupların bloqlar, poçt siyahısı serverləri və e-poçt xidmətləri vasitəsilə saxlanmasına imkan verdi. Onlayn xidmətlərin təkamülü Veb 2.0-ın gəlişi ilə onlayn ünsiyyət kanalları kimi istifadə olunmaqdan onlayn sosial qarşılıqlı əlaqə üçün interaktiv platformaya çevrildi.[15]

Sosial media 1990-cı illərin ortalarında GeoCities, Classmates.com və SixDegrees.com kimi platformaların yaranması ilə ortaya çıxdı.[16][17] O dövrdə ani mesajlaşma müştəriləri və söhbət otaqları olsa da, SixDegrees unikal idi ki, bu, real insanların öz adlarından istifadə edərək ünsiyyət qurması üçün hazırlanmış ilk onlayn xidmət idi. CBS News-a görə, o, profillər, dost siyahıları və məktəbə bağlılıq kimi xüsusiyyətləri ilə öyünür və onu "ilk sosial şəbəkə saytı" edir.[18] Platformanın adı "altı dərəcə ayrılıq" konsepsiyasından ilhamlanaraq, planetdəki hər bir insanın başqalarından cəmi altı qovşaq uzaqda olduğunu göstərir.[19]

2000-ci illərin əvvəllərində sosial şəbəkə platformaları Friendster və Myspace kimi geniş populyarlıq qazandı, ardınca Facebook, YouTube və Twitter və başqaları.[20]

Sosial media nümunələri

  • Xəbər saytları - bu elə saytlardır ki, istifadəçilər həm oxuya və həm də münasibət bildirə bilirlər. İnformasiyanı bölüşmək və müzakirəyə çıxarmaq üçün də internet altələri mövcuddur. Bu saytlara Qafqazinfo, Baku.ws və s.) nümunə göstərmək olar.
  • Sosial şəbəkələr (Facebook, Twitter, YouTube və s.) – bu şəbəkələrə "çayxana" adını vermək olar. Sosial şəbəkələr bizim fiziki dünyamızın virtual formasıdır.
  • Ünsiyyət vasitələri – (WhatsApp, Skype, Telegram və s.) – heç bir xərc ödəmədən bütün dünya ilə canlı telefon bağlantısı, internet üzərindən görüntülü video konfranslar.
  • Forum – insanların bir-birilə ünsiyyətinə və informasiya mübadiləsinə şərait yaradan sayt və proqramlar sayəsində internet istifadəçiləri axtardıqları və maraqlandıqları məlumatları əldə etmiş olurlar.
  • Bloqlar – (TikTok, Instagram və s.) hər bir fərd öz bloqunu yaradır və onu gündəlik kimi istifadə edir.[21]

Həmçinin bax

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər