Beyrut limanında partlayışlar (2020)

4 avqust 2020-ci il tarixində Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış

Beyrut limanında partlayışlar və ya Beyrut limanının bombalanması — 4 avqust 2020-ci il tarixində, yerli saat ilə 18:08-də Livanın paytaxtı olan Beyrut şəhərinin limanında baş vermiş iki ardıcıl partlayış.[1][2][3] Partlayış nəticəsində ən azı 192 nəfər ölmüş,[4] 5 min nəfər yaralanmış,[5][6] 80 nəfər itkin düşmüşdür.[7]

Beyrut limanında partlayışlar
İkinci partlayışdan sonra böyük bir Vilson buludu yaranmışdır. 1 1 Partlayış şəkildə göstərilən buğda anbarında baş vermişdir.

İkinci partlayışdan sonra böyük bir Vilson buludu yaranmışdır.

1
1
Partlayış şəkildə göstərilən buğda anbarında baş vermişdir.
Tarix5 avqust 2020
YeriBeyrut, Livan
Koordinatlar33°54′04″ şm. e. 35°31′08″ ş. u.
Səbəbikülli miqdarda təhlükəli maddənin saxlanma şərtlərinə əməl edilməməsi
Qurbanlar
Ölənlərin sayı192+
Zədəlilər6.500+
İtkin düşmüşlər9+
Maddi ziyan10–15+ milyard ABŞ dolları
Evsiz qalanlar200.000–300.000+
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Livan İctimai Təhlükəsizliyinin ümumi direktoru Abbas İbrahim partlayışın səbəbini 6 ildir anbarlarda saxlanılan təqribən 2.750 ton nitrat ammonyakammonyak turşusu ilə əlaqələndirmişdir.[8] Partlayışın böyüklüyü təqribən 300 ton TNT-nin partlamasına bərabər idi.[9][10]

Zəmin

Livan partlayış zamanı iqtisadi böhran yaşayırdı. Livan funtu kəskin şəkildə ucuzlaşmış, ölkədəki kasıblıq səviyyəsi isə 50%-ə qalxmışdır.[11]

Beyrut limanı Livana dəniz yolu ilə səyahətin qapısı kimi qiymətləndirilir və hər il 3 minə yaxın gəmi qəbul edir. Livan dövlətinin nəzarətində olan limanda 4 hövzə, 16 sahil bəndi, biri buğda üçün nəzərdə tutulmuş 13 anbarı var. Limanda hərbi baza da mövcuddur.[12]

MV Rhosus

Partlayışların səbəbi dərhal dəqiqləşməmişdir.[5] Livan KİV-lərinin verdiyi ilkin məlumatlara görə, partlayış fişəng anbarında, digər mənbələr isə neft anbarında baş verdiyini bildirmişdir.[1][13]

Limanda içərisində partlayıcı qurğular və nitrat ammonyakammonyak turşusu[14] kimi kimyəvi maddələr daşıyan anbarlar var idi.[15] Bu nitrat ammonyak Rusiyanın Moldova bayraqlı "MV Rhosus" yük gəmisi ilə əlaqələndirilmişdir, hansı ki, 2014-cü ildə mühərrikində yaranan problemlərə görə Beyrut limanına daxil olmuşdur.[16] Gəmi Gürcüstanın Batumi şəhərindən Mozambikin Beyra şəhərinə 2.750 tonluq nitrat ammonyak daşıyırdı. Liman təhlükəsizlik xidməti bu yükün təhlükəli olduğunu bildirmiş, onu orada buraxmışdılar.[17] Gəminin səkkiz Ukrayna və bir Rusiya vətəndaşından ibarət[a] heyətindən beş Ukrayna vətəndaşı geri çağırılmış, qalan dördü isə gəmiyə nəzarət etmişdir.[19][b] yükü isə anbarda yerləşdirilmişdir.[17][21]

Partlayışın səhərisi günü Livan səmalarında qırmızı rəngə çalan tüstü müşahidə olunmuşdur.

"Rhosus" gəmisinin sahibi, Kiprdə yaşayan Rusiya əsilli biznesmen İqor Qreçuşkin bankrot olmuş, gəmi kirələyənlər isə gəmini tərk etmişdir.[19] "Rhosus" gəmisinin ehtiyatları qısa bir müddətdə tükənmiş, gəmi heyəti isə immiqrasiya qanunlarına görə gəmini tərk edə bilməmişdir.[20] Nitrat ammonyak heç bir təhlükəsizlik tədbirləri alınmadan son altı il anbarlarda saxlanılmışdır.[17][22] Livan Beynəlxalq Yayım Şirkəti bildirmişdir ki, yanğın, Ali Müdafiə Şurasının brifinqində verilən məlumata əsasən, anbarın qapısında aparılan qaynaq işləri zamanı meydana gəlmişdir.[23][24][c]

Müxtəlif gömrük vəzifəliləri hakimlərə məktublar göndərmiş, gəmidəki yük haqqında qərar qəbul olunmasını istəmişdir. Onlar təklif etmişdilər ki, nitrat ammonyak ya Livan Silahlı Qüvvələrinə verilsin, ya da özəl bir şirkətə satılsın.[22][d]

Partlayış

Yerli saat ilə təqribən 18:00-da yanğınsöndürənlər Beyrut limanındakı bir anbarda baş verən yanğını söndürmək üçün göndərilmişdir.[11] Bu – birinci partlayış daha kiçik olmuş, fişəngə bənzər işıqlar saçmışdır.[3]

İkinci partlayış yerli saat ilə 18:08:18-də,[27] daha böyük həcmdə olmuş, Beyrut şəhərinin mərkəzini darmadağın etmiş, göbələk buludu yaratmış və göyə qırmızı rəngli tüstü buraxmışdır.[28] Şahidlər bildirib ki, 10 kilometr (6.2 mil) qədərlik bir məsəfəyə kimi olan evlər zərər görüb.[11] İddialara görə, partlayışın səsi hadisə yerindən 240 kilometr (150 mil) uzaqlıqda olan Kiprdə belə eşidilib.[29][30] ABŞ Geoloji Xidməti partlayışın 3.3 maqnitudunda,[31] İordaniya Seysmoloji Rəsədxanası isə 4.5 maqnitudunda zəlzələyə səbəb olduğunu bildirmişdir.[32]

İtkilər

Partlayışdan sonrakı vəziyyət.

Partlayışdan sonra ən azı 157 nəfərin həlak olduğu[33][34] daha 4 min nəfər yaralanmışdır.[7][e]

Hadisə yerində ölənlərin 10-u xəstəxanalara göndərilmişdir.[55] Livanın səhiyyə naziri Həməd Həsən verdiyi ilkin açıqlamada bildirmişdir ki, "itkilər çoxdur".[5] Səhiyyə naziri bildirmişdir ki, "xeyli sayda yaralı və geniş formada ziyan" var.[1][56] Şahidlər "LBC" telekanalına "ən azı onlarla yaralı var və xəstəxanalar yaralılarla doludur" deyiblər.[49] Livan Qırmızı Xaçının verdiyi məlumata görə, yaralılar və ölənlər ilə birlikdə "yüzlərlə itki" var.[57][58][59] ABŞ səfirliyi insanların yayılan zəhərli qazlardan diqqətli olmalarını bildirmişdir.[25]

"Əl-Kətaib" partiyasının baş katibi, erməni əsilli[60] Nazar Nacaryan partlayış nəticəsində aldığı yaralardan vəfat etmiş,[61] dövlət elektrik təşkilatının sədri Kamal Hayek kritik vəziyyətdə qalmış,[3] Qazaxıstan konsulu isə yaralanmışdır.[62]

Ziyan

Partlayış nəticəsində xəsarət almış mənzil.

Partlayışdan sonra liman ərazisi üzərində böyük qara tüstü yayılmışdır. Binalara kəskin şəkildə ziyan dəymişdir.[63] Livanın "The Daily Star" qəzetinin qərargahı məhv olmuşdur.[64][65][66] Livan hökumətinin verdiyi məlumata görə, "COVID-19" pandemiyasına görə qida qıtlığından əziyyət çəkən[67] şəhərin ən böyük ikinci buğda anbarı məhv olmuşdur.[68] Beyrut şəhərinin meri Mərvan Əbudun verdiyi məlumata görə, partlayış nəticəsində 200–250 min arası,[69] digər mənbələrə görə isə 300 mindən çox insan evsiz qalmışdır.[70] Təxmini 15 min ton buğda ehtiyatı məhv olmuşdur ki, bu da şəhərin bir aylıq buğda ehtiyatına bərabərdir.[69]

Partlayışın vurduğu ziyan şəhərini yarısından çoxunu əhatə edir və 10 milyard ABŞ dollarından çox xərcə səbəb olacağını güman edilir. Lakin Livan Prezidenti Mişel Aun bildirib ki, ilkin hesablamalara əsasən, partlayışın Livana vurduğu ziyan 15 milyard dolları ötüb. Sığorta şirkətləri Beyrut limanındakı partlayışın vurduğu ziyanı ilkin olaraq 3 milyard dollar dəyərində qiymətləndirmişdilər. Şəhərin qubernatoru Maron Abbud isə daha əvvəl Beyrutun yenidən qurulması üçün 12-15 milyard dollar arasında vəsaitin lazım olduğunu bildirmişdi.[71] Beyrut şəhərindəki otellərin 90%-i[72] və xəstəxanalardan üçü tamamilə məhv olmuş, ikisi isə ağır xəsarət almışdır.[69] Müqəddəs Georq Xəstəxana Universiteti Tibbi Mərkəzinin əməkdaşları binaya vurulan ziyana görə küçədəki pasiyentlərə tibbi müdaxilə etməli olmuşdur.[73] Bir neçə azyaşlı pasiyent şüşə qırıqlarından yaralanmışdır.[74] Xəstəxana bir neçə saat içində bağlanmış, pasiyentlər isə digər xəstəxanalara göndərilmişdir.[75]

Beyrut şəhəri və şəhərətrafı ərazilərində yerləşən səfirliklər də xəsarət almışdır. Argentina,[76] Avstraliya,[77] Finlandiya[78]Kiprin[69] partlayış ərazisinə yaxın yerləşən səfirlikləri ağır xəsarət almışdır. Partlayış ərazisindən təqribən 7.3 kilometr (5 mil) məsafədə yerləşən Cənubi Koreya səfirliyi kiçikhəcmli xəsarət almışdır.[79] Ermənistanın,[80] Qazaxıstanın,[81] Rusiyanın[82], Rumıniyanın[83]Türkiyənin[84] səfirlikləri də partlayış nəticəsində xəsarət almışdır.

Gəmilər

BMT-yə aid gəmilərdən biri, o cümlədən Banqladeşin "BNS Bijoy" gəmisi xəsarət almışdır.[48][49] "Orient Queen" səyahət gəmisi partlayış nəticəsində ağır xəsarət almış, gəmidəki bəzi sərnişinlər yaralanmışdır.[85][86] "Mero Star" yük gəmisi axır xəsarət almışdır. "Raouf H" partlayış ərazisinə ən yaxın gəmi idi.[87][88]

Yardımlar

Livan Qızıl Xaçı açıqlama vermişdir ki, Şimali Livan, və Cənubi Livandakı bütün ambulanslar Beyruta göndərilmişdir.[3] Partlayışdan sonra yanğını söndürmək üçün helikopterlərdən istifadə edilmişdir.[5] Xəstəxanalar zədələndiyindən onlarla yaralı geri çevirilmişdir.[49] Livan Prezidenti Mişel Aun dövlətin zərərçəkənlər üçün 100 milyard Livan lirəsi ayırdığını açıqlamışdır.[63] Partlayışdan çox keçməmiş, İsrail Livana tibbi ləvazimatlar verməyi təklif etmişdir.[89][f]

Livanın səhiyyə naziri Həməd Həsən Livan üçün beynəlxalq yardım istəmiş,[5] müxtəlif ölkələr isə bu istəyə cavab vermişdir.[g]

"Facebook" öz fövqəladə hallara cavab xidmətini aktivləşdirmişdir.[111] "Google" Beyrut partlayışları üçün xüsusi bir axtarış funksiyası açmışdır.[112] "Careem" taksi xidməti applikasiyası xəstəxanalara və xəstaxanalardan ödənişsiz çatdırılma xidmətinə start vermiş, vətəndaşlar üçün qanvermə mərkəzləri açmışdır.[113][114]

Həbslər

Baş vermiş partlayışa görə konkret vəzifəli şəxslər məsuliyyətə cəlb olunana qədər Livan hökuməti Beyrut limanının bütün administrasiyasını ev dustaqlığına yerləşdirmək qərarına gəlib.[115]

Ermənilərin köçürülməsi

2015-ci il-də aparılmış tədqiqatın məlumatlarına əsasən, Livan ermənilərinin təxminən 21,6 faizi niyyət səviyyəsində Ermənistana qayıtmaq istəyini bildirmişdi. Partlayışdan sonra Livan ermənilərinin 75-80 faizi ölkəni tərk etmək istəyində olduqlarını bildiriblər. Baş verən partlayış nəticəsində Beyrutda yaşayan 1000-dən çox erməni ailəsinin evi dağılıb.[116] Partlayış nəticəsində 16 erməni ölüb, yaralanmış ermənilərin sayı təxminən 300 nəfərdir.[117] Ermənistan rəhbərliyi baş vermiş partlayışdan sonra Livandan olan etnik ermənilərin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirmək planını bəyan edib. Bu partlayışdan sonrakı bir ay ərzində Livandan Ermənistana təxminən 500 erməni köçüb. Onların bir hissəsi işğal altında olan Dağlıq Qarabağa yerləşdirilib.[118]

Reaksiyalar

Ölkədaxili

Livanın baş naziri Həsən Diyab 5 avqust 2020-ci il tarixinin Livanda milli matəm günü olacağını bəyan etmişdir.[119] Livan Prezidenti Mişel Aun hökumətin evindən olmuş insanlara yardım edəcəyini, səhiyyə nazirliyinin isə tibbi xərcləri öz boynuna götürəcəyini açıqlamışdır.[120] Beyrut şəhərinin meri Mərvan Abud canlı yayımda ağlamış, hadisəni "milli fəlakət" adlandırmışdır.[3]

Hizbullah partlayış ilə bir əlaqəsi olmadığını açıqlamış,[121] "bu milli faciəyə görə başsağlığı" vermiş və qeyd etmişdir ki, "bu fəlakət bütün Livan xalqının milli səviyyədə bir olması"nı tələb edir.[122] Növbəti gün Hizbullahı Livan parlamentində təmsil edən Məhəmməd Rəad Livan xalqını fəlakətin səbəblərini dəqiqləşdirmək və ədalətin öz yerini tapması üçün "müsbət əməkdaşlıq" etməyə çağırmışdır.[123] Lakin Livanın keçmiş ədliyyə naziri Aştaf Rifi Beyrut limanında tonlarla ammonium nitrat kübrəsinin saxlanıldığı anbarın “Hizbullah”a məxsus olduğunu açıqlayıb.[124]

Beynəlxalq

Beynəlxalq təşkilatlar
  •  BMT – BMT-nin Livandakı müvəqqəti qüvvəsi partlayış zamanı yerlilərə yardım etdiklərini bildirmişdir.[48][125]
BMT ölkələri
  •  ABŞAğ Ev hadisələri "yaxından izlə"diyini bildirmişdir.[126] ABŞ-nin Beyrutdakı səfirliyi Livana başsağlığı vermişdir.[127] ABŞ Prezidenti Donald Tramp iddia etmişdir ki, partlayışlar bir qəza yox, Livana qarşı istiqamətləndirilmiş bir hücum idi və partlayışların səbəbi əraziyə quraşdırılmış bir bomba idi.[128][129]
  •  Avstraliya – Avstraliya Baş Naziri Skott Morrison Avstrliyanın Livana yardım göndərməyə hazır olduğunu bildirmişdir.[132]
  •  AzərbaycanAzərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Auna ünvanladığı başsağlığı məktubunda Livana maliyyə yardımı göstərəcəyini qeyd etmişdir.[93]
  •  BƏƏBürc Xəlifə Livan bayrağının rəngləri ilə işıqlandırılmışdır.[133]
  •  Böyük Britaniya – Böyük Britaniya xarici işlər katibi Dominik Raab[134] və baş nazir Boris Conson[135] Livan ilə həmrəy olduqlarını və yardım təklif etdiklərini bildirmişdir.
  •  İsrailİsrail Prezidenti Reuven Rivlin hadisə ilə bağlı öz məyusluğunu ifadə etmiş,[136] İsrail Müdafiə Nazirliyi isə İsrailin partlayışlarla hər hansısa bir əlaqəsi olmadığını bildirmişdir.[137] Təl-Əviv şəhər icra hakimiyyəti binası Livan bayrağı ilə işıqlandırılmışdır.[138]
    • İsraildəki sağçılar "düşmən ölkə" kimi qiymətləndirilən Livanın bayrağının işıqlandırılmasını tənqid etmişdir.[138]
    • Keçmiş İsrail parlament üzvü Moşe Feyqlin partlayışı "tanrının hədiyyəsi" adlandırmışdır.[139]
  •  Kanada – Kanada baş naziri Castin Trüdo zərərçəkənlərə başsağlığı verdiyi, bunu "tamamilə faciəvi" adlandırdığı və Kanadanın Livana "əlində gəldiyi qədər" kömək edəcəyini qeyd etdiyi bir bəyanat yaymışdır.[140]
  •  Kipr – Kipr xarici işlər naziri Nikos Kristodulides Livana başsağlığı vermiş və yardım təklif etmişdir.[141]
  •  Qətər – Qətərin əmiri şeyx Təmim bin Həməd Al Sani Livan Prezidenti Mişel Auna zəng edərək başsağlığı vermiş, Qətərin Beyruta çoxlu sayda həkim və tibbi ləvazimat göndərməyə hazır olduğunu qeyd etmişdir.[142]
  •  Malayziya – Malayziya xarici işlər naziri Hişəmüddin Hüseyn Beyrut şəhərindəki partlayışı görə öz məyusluğunu ifadə etmiş, ölkəsinin Livan ilə həmrəy olduğunu və "əlindən gəldiyi qədər" yardım etməyə hazır olduğunu bildirmişdir.[69]
  •  MisirGiza ehramları kompleksi Livan bayrağının rəngləri ilə işıqlandırılmışdır.[133]
  •  RusiyaRusiya Prezidenti Vladimir Putin başsağlığı vermişdir.[143]
  •  Türkiyə – Türkiyə Prezidentinin nümayəndəsi İbrahim Kalın Türkiyənin ehtiyacın olduğu halda kömək etməyə hazır olduğunu bildirmişdir.[144]
  •  Yunanıstan – Yunanıstan Xarici İşlər Nazirliyi Livan səlahiyyətlilərinə ölkəyə yardım göndərməyə hazır olduqlarını bildirmişdir.[145]
Tanınmayan ölkələr

Qeydlər

İstinadlar

Xarici keçidlər

Şəkillər